“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Tvente” ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, Q.Qurbanov Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandası ilə fəxr etdiyini bildirib:
“İlk növbədə “Tvente”ni təbrik etmək istəyirəm. Onların çox yaxşı komandası və güclü oyunçuları var. Müəyyən mənada biz beş il öncəki qisasımızı ala bildik. Ancaq biz bu haqda az düşünürdük. Sadəcə, qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Futbolçularımla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünəcəyik”.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Hollandiyada “Tvente” ilə 1:1 bərabərə qalan “Qarabağ” klubu tarixində ilk dəfə turnirin qrup mərhələsində oynamaq hüququ qazanıb.(azerisport)
