Təlim-məşq toplanışı üçün Bakıda olan "Kəpəz" hazırlığını davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi ilə "Dalğa Arena"da məşq keçir. Gəncəlilər artıq hazırlığı intensivləşdiriblər. Həm məşqlərin sayı, həm də ağırlığı artıb.
Futbolçular gündə iki dəfə məşq edirlər. Səhər saat 11:00-da və günortadan sonra saat 16:00-da hazırlıq keçir. Səhər məşqindən sonra nahara çıxan komanda üzvləri istirahətin ardından yenidən meydançada iş başında olurlar.
Məşqlərdəki yükləmələrə gəlincə, toplanışda fiziki yönlü hazırlıqla yanaşı, futbolçular toplu çalışmalar üzərində də işləyirlər. Məşq prosesi 1,5-2 saat çəkir.
