Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək ilk oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün xüsusi önəm daşıyır.
Korner.az-ın məlumatına görə, Çexiyanın Plzen şəhərində yerli “Viktoriya” ilə keçiriləcək görüş 44 yaşlı mütəxəssisin Ağdam klubunun baş məşqçisi postunda yubiley – 350-ci matç olacaq.
Əyalət klubunun tarixində oyun sayında rekordçu olan baş məşqçi səfər matçınadək 349 görüşdə komandasına rəhbərlik edib. İndiyədək “Qarabağ” Qurbanovun rəhbərliyi altında 189 qələbə qazanıb, 95 heç-heçə edib və 65 dəfə uduzub.
Mütəxəssis 8 il ərzində yetirmələrinin 488 qoluna sevinibsə, 256 dəfə rəqiblərin fərqlənməsinə üzülüb. “Qarabağ”ın onun rəhbərliyi altında keçirdiyi 349 matçdan 258-i çempionat, 54-ü avrokubok (10-u Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna təsadüf edib.
Qeyd edək ki, Qurbanovun “Qarabağ”da rəsmi debütü 2008-ci il avqustun 9-na təsadüf edib. Həmin gün ağdamlılar səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.(Apasport)
