“Qarabağ” – “Volın” oyunundan sonra Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
– Futbolçularım dünən səhər çox ağır – dözümlülüyə və sürətə hesablanmış test vermişdilər. Üstəlik, axşam da məşq etmişdik. Ola bilər ki, müəyyən epizodlarda rəqibdən sürət baxımından geri qalaq, amma ümumilikdə sürətdə onlardan geri qaldığımızı düşünmürəm. Birinci hissədə elə bir məqam da yarada bilmədilər ki, deyək, bizi üstələdilər. Yalnız bir epizodda üçə-bir çıxdılar, vəssalam.
– Baxışda olan ispan Manueli birinci – əsas heyət oyunçularının meydanda olduğu hissədə sınamaq olmazdımı?
– Onu sınamaq üçün hələ vaxtımız olacaq. Ancaq əsas heyətdəki bir neçə futbolçumuz millinin düşərgəsinə yollanacaqdılar deyə, bu gün onları meydana buraxmalı idim. Çünki onların bir arada oynamaları daha vacibdi.
– Yeni transferlərinizdən Subaşiçi meydana buraxmamağınızın səbəbi nə idi?
– Ona hələ ki hazır hesab etmədiyimiz üçün şans vermədik. Ancaq ola bilər ki, Subaşiçi növbəti yoxlama oyununda yarım
saatlığa, iyirmi dəqiqəliyə meydana buraxaq. Düzdü, gündəlik məşqlərimizdə iştirak edir, fərdi məşqlər də keçirir. Ancaq gərək tam hazır ola ki, meydana buraxaq.
– Manuelin transferi alınmazsa, hücum xəttinə transfer etmək üçün alternativiniz varmı?
– Bir neçə futbolçuyla danışıqlar gedir. Bəzi oyunçuların klublarıyla anlaşa bilmədik. Hücum xəttinə daha bir futbolçu almağı düşünürük. Ancaq alınıb-alınmayacağını zaman göstərəcək.
Saleh Arslan
Antalya
