Çempionlar liqası

Qurban Qurbanov: “Mütləq transfer olmalıdı”

18.08.2020 , 22:31

Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Sileks” oyunundan sonra (4:0) Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Vacib qələbə idi. İki aydan sonra ilk rəsmi oyunumuzda qalib gəlmək xoşdur. Sadəcə əfsuslar olsun ki, azarkeşlərimiz stadionda yoxdur. Bu gün azarkeşsiz futbolun nə olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunumuz və sonra ÇL matçımız var. Yaxşı hazırlaşmalıyıq.

– Maksim Medvedevin son durumu necədir?

– Maksimin durumu sabah dəqiq bilinəcək. Düşünmürəm ki, çox da ciddi olsun. Topuq hissəsində güclü ağrısı oldu. İnşallah bu, tez bir zamanda keçər.

– Sanki ilk hissədə bir az narazılığınız var idi. Bir az tempsiz “Qarabağ” gördük.

– Bu gün futbolçulardan sürətli oyun gözləyə bilmərik. Xeyli sayda sürətli hücumlarımız oldu, sadəcə sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Bunu onlardan tələb etmişdim. Hər bir futbolçunu başa düşür və qəbul edirəm ki, indi onlardan ən yaxşı oyunlarını tələb edə bilmərəm. Hazırlaşdığımız bəzi hücumlar alındı, standart zərbələrdə də pis deyildik.

– Növbəti mərhələdə “Şerif” – “Fola Eş” cütündən hansını rəqib görmək istəyirsiz?

– Fikir bildirə bilmərəm. Hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvlərimizi etməməliyik. Oturub gözləyəcəyik ki, kim rəqib olacaq.

– Bugünkü rəqibin səviyyəsi imkan verdimi ki, səhvləri görə biləsiz?

– Səhvlər var. Bəzi elementlər var ki, bunun üçün rəqibin güclü olması lazım deyil. Səhvlər o zaman olur ki, futbolçu və komanda ritmindən uzaq olsun. Çatışmazlıqları burda demək istəməzdim. Oyundan oyuna bunları aradan qaldırmalıyıq.

– Yeni transferlər gözlənilirmi?

– İnanın ki, koronavirus pandemiyasından sonra transfer etmək çətindir. Futbolçuların durumu qeyri-müəyyəndir. Axtarışlarımız gedir və mütləq transfer olmalıdır. Gənc futbolçularımız da var və 15-20 dəqiqə oynamaq onlar üçün faydalı olacaq. Yeni transfertlər ehtiyacımız olacaq.

Son yazılar

Yuxarı