Ölkə futbolu

Qurban Qurbanov milli ilə “Qarabağ”ı eyni anda necə çalışdırır?

29.08.2018 , 13:32

Milli komandamız UEFA Millətlər Liqasında Kosovo və Malta ilə keçirəcəyi oyunların hazırlığına başlayıb.

Qurban Qurbanovun rəhbərliyi altında bir araya gələn yığmamız dünən “Dalğa Arena”da ilk məşqinə çıxıb. Q. Qurbanovun həm də “Qarabağ”ı çalışdırdığını nəzərə alsaq, ortaya belə bir sual çıxır: millini qarşıdakı oyunlara hazırlaşdıran mütəxəssis “Qarabağ”ı necə məşqə çıxarır? Çünki qarşıda Ağdam klubunun da vacib oyunu var. Təmsilçimiz UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Moldova “Şerif”i ilə qarşılaşacaq. Üstəlik, ilk oyunda “Qarabağ”ın 0:1 hesabı ilə uduzduğunu düşünsək, Qurban Qurbanovun komandasını cavab görüşünə daha ciddi hazırlaşdırmalı olduğu aydın məsələdir. Görəsən, təcrübəli mütəxəssis iş qrafikini necə qurub?

Məsələyə aydınlıq gətirmək məqsədilə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi sualımıza belə cavab verdi:

“Açığı, bunu baş məşqçidən soruşsanız, daha yaxşı olar. Çünki birbaşa onun səlahiyyətində olan məsələdir. Amma onu deyə bilərəm ki, millinin ilk məşqi “Qarabağ”ın istirahət gününə düşdüyündən heç bir problem yaranmayıb. Bu gün isə oyunöncəsi son məşqçimiz olacaq. Görünən odur ki, Qurban müəllim səhər millini, axşam isə “Qarabağ”ı məşqə çıxaracaq”.

Milli komandamızın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu isə bildirdi ki, millini səhər Qurban Qurbanov, axşam isə köməkçisi Elçin Rəhmanov məşqə çıxaracaq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu saat 21:00-da başlayacaq. Millimiz isə Millətlər Liqasında ilk oyunu Bakıda Kosovo millisinə qarşı keçirəcək. İkinci matç isə səfərdə Malta ilə olacaq. (qol.az)

Son yazılar

Yuxarı