Futbol

“Qurban Qurbanov istefa ilə bağlı bizə müraciət etməyib” – MÜSAHİBƏ

15.05.2012 , 15:01

Ağdamın “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin müsahibəsi

– “Qarabağ”ın ardıcıl 3 mövsümdən sonra Avropa kuboklarından kənarda qalması nə ilə bağlıdır?
– Sözsüz ki, bunun müəyyən səbəbləri var. Biz bu səbəbləri araşdırmalı, təhlil etməli və qərarlar qəbul etməliyik.

– Səbəblər sırasında klub rəhbərliyinin transferlərə yetərincə vəsait ayırmaması da göstərilir…
– Biz rəhbərlik olaraq, istər futbolçuların maaşlarının, istərsə də transferlərə ayrılan vəsaitin yüksək olması üçün əlimizdən gələni etmişik. Baş məşqçimiz Qurban Qurbanovun istəyinə uyğun transferlər həyata keçirmişik. Uğursuzluğu transfer siyasətinin düzgün qurulmaması ilə əlaqələndirmək olmaz.

– Maaşlar yüksəkdirsə, niyə aparıcı futbolçularınız komandanı tərk edirlər?
– Rəşad Sadiqov hələ mövsümün ortalarında “Neftçi”yə keçmək istəyirdi. Getməkdə israrlı olduğunu gördükdən sonra onu necə saxlaya bilərdik? Georgi Adamiya ilə ortaq məxrəcə gələ bilmədik. Nderim Nedzipinin başa çatan müqaviləsini uzatmadıq. Eyni sözləri qapıçı Boyan Pavloviç barədə də demək olar.

– Sadiqovdan başqa digər yerli futbolçularınızın da komandanı tərk etmək istədikləri bildirilir. Bu sırada Əfran İsmayılov və Rauf Əliyevin də adları çəkilir…
– “Qarabağ” klubu olaraq, daim yerli futbolçulara üstünlük vermişik. Azərbaycan bayrağının, Azərbaycan adının hər yerdə yüksəkdə olması üçün çalışmışıq. İsmayılovla Əliyev “Qarabağ”ın yetirmələridir. Onlardan baş məşqçimiz Qurban Qurbanov da, klub rəhbərliyi də razıdır. Onların komandadan gedişi gündəmdə deyil.

– Bəs qapıçı Fərhad Vəliyev necə?
– İnşallah, komandada qalacaq. Ümumiyyətlə, komandadan gedənlər də olacaq, qalanlar da. Onları yaxın günlərdə müəyyənləşdirərək, geniş açıqlama verəcəyik. Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq. Hədəfimiz Avropa kuboklarına vəsiqə qazanaraq, layiqincə çıxış etməkdir.

– Bəzən “Qarabağ”ı “Qafqazın “Barselona”sı” adlandırırlar. Əgər belədirsə, artıq “Barselona”nın baş məşqçisi İspaniya çempionluğu və Çempionlar Liqasını qazana bilmədikləri üçün istefa verib…
– Doğrudan da “Qarabağ”ı oyun tərzi baxımından, “Qafqazın “Barselona”sı adlandırırlar. Amma bizim Qurban Qurbanovla vidalaşmaq niyyətimiz yoxdur. Onun işləri göz qabağındadır.

– Bəs Qurbanovun özü istefa üçün rəhbərliyə müraciət etməyib?
– Xeyr, belə müraciət olmayıb.
lent.az

Son yazılar

Yuxarı