Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Rəvan”-“Qarabağ” oyunundan sonra komandaların baş məşqçiləri matçla bağlı fikirlərini bildiriblər.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Vladislav Qədirovu “Rəvan”a baş məşqçi təyin olunması ilə təbrik edirəm. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir. Vurduğumuz qol mənim üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik. Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir. Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər. Komandaya iki günlük istirahət veriləcək, Admir Teli, Nikolas Gelaşvili və Ulrix Kapolonqo milli komandaların düşərgələrindən təzə qayıdıblar”.
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Rəvan”da işləməyimə baxmayaraq, avrokuboklarda “Qarabağ”a azarkeşlik edirdim, Qurban Qurbanovu uğuru münasibəti ilə təbrik edirəm. “Qarabağ” çempionatımızın ən güclü komandalarından biridir. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı. Hər dəfə baxımlı oyun göstərmək olmur. Fikrimcə, komandam bu günə qədər olan ən yaxşı oyununu göstərdi”.
