Avropa liqası

Qurban Qurbanov: “Fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ı çalşdırıram”

04.10.2019 , 10:20

Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun “Düdelanj” klubunu 4:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyunu şərh edib:

– Öncə futbolçularımı təbrik edirəm. Bizi hesabdan çox oyun maraqlandırırdı. İntizamlı çıxış etməliydik. Vacib qələbə qazandıq. Hesab bizi aldatmasın. Bu komandanın gücünü gördük. Fikrimcə, “Düdelanj” APOEL-ə layiqli qalib gəlib. Möhtəşəm azərbaycanlı azarkeşlərə təşəkkür edirəm.

– Oyunda təxribat baş verdi. Hazırda Azərbaycanda bu müzakirə edilir. Artıq “Qarabağ”ın oyununda neçənci dəfədi ki, belə hadisələr baş verir. Bu dəfəki təxribat daha böyük oldu. Avropa futboluna nə çağırışınız var?
– İntizamlı olmağa çalışmışıq həmişə. Futbolçular hansı komandada olduqlarını bilir. Bu hərəkət qorxaqlıqdır Mən fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ı çalışdırıram. Provakasiyaya getmirik. Öz peşəkarlğımı göstərməyə çalışdıq. Uşaqlar paltardəyişmə otağında əsəbləşmişdi, pis olmuşdular. Sağ olsunlar məni eşitdilər, meydanda peşəkar davrandılar. Bəlkə də, gələcəkdə belə hərəkətlər olacaq. Belə şeylər ucuz hərəkətdi. Nə qədər ucuz olduqlarını göstərirlər.

– Bildirdiniz ki, uşaqlar əsəbi idi. Meydana qayıtmamaq variantınız da var idi. UEFA buna görə “Düdelanj”a texniki məğlubiyyət verəcəkdi…
– Qanunlara əsasən, meydana qayıtmalıyıq. Biz peşəkarıq, belə hallar tez-tez baş verə bilər. Biz qorxaq deyilik, meydandan qaçmağı bacarmarıq. Elə zəif deyilik. Məğlub olsaydıq belə, meydana qayıdıb, sona qədər mübarizə aparacaqdıq. “Qarabağ” olaraq, azərbaycanlı olaraq qaçmağı göz önünə almırıq. Meydandan qaçmaq bizə yaraşmaz. Sona qədər vuruşub mübarizə aparacaqdıq.

– Bununla bağlı UEFA-ya müraciət ediləcək?
– Bu işlə klub rəhbərliyi məşğul olacaq. Müraciətə ehtiyac yoxdur UEFA belə məsələlərə reaksiya verir. Yəqin ki, sərt qərardan sonra daha diqqətli olacaq.

– Qara Qarayev niyə əvəzləndi?
– Ağrısı olduğu üçün sona qədər meydanda saxlamadım.

– Yenə son saniyələrdə qol buraxdız…
– Bilmirəm, necə cavab verim. Daha ciddi olmalıyıq. Qalib gəlmişik, səfərdə 4 qol vurduq. Futbol elə bir şeydi ki, son saniyələrdə qol buraxa bilərsən. Buraxdığımız qol barədə danışmamalıyıq. Elə bir qanun yoxdur ki, hər oyun qol buraxmamalıyıq. Pis nəticələri yada salmayaq. İlk dəqiqələrdə də qol buraxa bilərdik. Ancaq bu oyunun sonlarında baş verdi. Qalib gəlmək istəyirdik və buna nail olduq.

– “Qarabağ”ın qrupdan çıxmaq şanslarını necə hesab edirsiz?
– Əvvəlcədən hansısa fikir söyləyə bilmərik. Vaciib 3 xal qazandıq. Favorit “Sevilya”dı. Qalan 3 komanda son tura kimi öz aralarında mübarizə aparacaq. “Düdelanj” zəif deyil. Bu rəqib qol vura bilir, mübarizə aparır. Son tura qədər mübarizə aparmalıyıq.

Son yazılar

Yuxarı