Qurban Qurbanov: “Cavab oyununda daha hazırlıqlı olacağıq”
07.08.2018 , 23:16
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Qarabağ” – BATE matçından (0:1) sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
“Məğlub olmaq istəməzdik. Düşünürəm ki, hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ümid edirəm ki, həmin oyuna daha düzgün hazırlaşarıq. Bir qədər həyəcan var idi. Buna baxmayaraq, ikinci hissədə futbolçular daha düzgün oynamağa başladılar. Rəqib güclü idi. Düşünürəm ki, qarşıda daha maraqlı oyun var”
– Kintananın zədəsi ciddidir?
– Bəli, ciddidir. Dünən məşqdə zədə aldı. Əməliyyat olunacaq.
– İki fərqli hissə izlədik. Nə baş verirdi?
– Rəqib bütün diqqətini ilk hissəyə yükləmişdi. Bizim həyəcandan da istifadə etdilər. Hər komandanın öz oyun üslubu var. Onların da məqsədi bizə təzyiq göstərmək idi. İstəklərinə nail oldular. İlk hissədə hər iki komandada futbolçular daha hazırlıqlı olur.
– Gözlədiyiniz BATE-ni gördünüz?
– Bəli, düşündüyüm kimi oynadılar. Oyun intizamları var idi. Bundan başqa əks-hücumları sürətli idi. Standart vəziyyətlərdə bizə çətinlik yaratdılar.
– Ot örtüyü haqda nə deyə bilərsiniz?
– Şərait eyni idi. Bunu bəhanə etmirik. Ancaq digər günlərə nisbətən bu gün daha pis idi.
– Növbəti həftə artıq Premyer Liqa başlayır. “Zirə” ilə matçı təxirə salmağı düşünürsünüzmü?
– Belə fikrim yox idi. Ancaq indi düşünürəm ki, lazımdı. “Zirə” rəhbərliyindən də xahiş edəcəyik. Matçı təxirə salmağa çalışacağıq..
– Künc zərbələrini Rəşad yerinə yetirirdi…
– Ötən oyun da belə idi. Düşündüyümüz kombinasiyalar var idi.
– Cavab oyun üçün start heyət indidən planlaşdırmısınızmı?
– İnanııram ki, cavab oyununda futbolçuların hazırlığı daha yaxşı olacaq. Ancaq heyətdə elə də ciddi dəyişiklik olmayacaq. Rəqibi analiz edib futbolçuların durumuna görə qərar verəcəyik.