“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir. Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.
Mətbuat konfransında klubun üzvü Əfran İsmayılov da öz fikirlərini bildirib:
“Rəqibimiz çox güclüdür. Biz də xal qazanmaq üçün bura gəlmişik. Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, sərfəli nəticə qazana bilərik. Biz də bunun üçün meydana çıxacağıq. Ümid edirəm, ən azı bir xalla azarkeşlərimizi sevindirəcəyik”.
