“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi.
– Siz niyə xarici klublarda, Avropada çalışmaq haqqında düşünmürsüz?
– Mənim üçün hələlik Avropanı düşünmək tezdi. Bizim əsas məqsədimiz çempionatımızın səviyyəsini qaldırmaq, “Qarabağ”ı Avropada layiqli şəkildə təmsil etməkdi. Avropada yaxşı nəticə göstərə bilsək, bu özü Avropada oynamağımız kimi bir şeydi.
– Millini çalışdırmaq barədə düşünmürsüz?
– Gəlin millidən danışmayaq. Mən bu barədə düşünmürəm. Bu dəqiqə mənim bütün fikirlərim “Qarabağ”la bağlıdı. “Qarabağ”la uğur əldə etməyi düşünürəm.
– “Qarabağ” niyə çempionatda ciddi uğur qazana bilmədiyi halda, Avropada daha istəkli oyun göstərir? Bunu daxili birinciliklərdə də etməyinizə nə mane olur?
– Mən belə deməzdim. Biz bütün oyunlara eyni cür hazırlaşır və eyni istəyi ortaya qoyuruq. Ancaq Avropa oyunlarında istər oyunun surəti, istər azarkeş amili oyuna təsir edir. Bir də hazırlıq mərhələsi var. Avropa oyunlarından əvvəl biz lazım olan təlim-məşq toplanışını həyata keçirə bilirik.
– Transfer siyahınızda sürpriz ad varmı?
– Transferdə surpriz isim yoxdu. Yaxşı transferlər edə bilmişik. İnşallah daha iki futbolçu almağı düşünürük.
– “Qarabağ”da milli üzvləri getdikcə azalır. Yenidən milli üzvlərinə üstünlük verməyi düşünmürsüz?
– Düzdü, milli üzvlərinin sayı azalmaqdadı. Ancaq biz Murad Səttarlını geri qaytarmışıq. Daha bir gənc futbolçuya dəvət göndərmişik. Bundan sonra da gənc futbolçuların axtarışı ilə məşğul olacağıq. Amma bu, daha çox onların özlərinin göstərəcəyi performansdan asılıdı.
– Hazırda komandanın düşərgəsinə qoşulan yeni oyunçulardan əlavə daha neçə transfer etməyi düşünürsüz?
– İnşallah, bir legioner, bir yerli oyunçu almaq haqda düşünürük.
– Sizcə, Berti Foqtsu bu qədər millidə saxlamaq nə dərəcədə düzgündü? Ruslan Abışovun Lüksemburqla oyundan sonra azarkeşlərlə bağlı dediyi fikirlərlə bağlı nə düşünürsüz?
– Foqts barədə fikirlərimi bildirməyəcəm. Ruslana gəlincə, onun üstünə getmək lazım deyil. Onu anlamaq olar. İndiyə kimi onun artıq-əskik hərəkətini görməmişik. Azərbaycanın istedadlı oyunçularından biridi. Biz ona dəstək olmalıyıq ki, ölkəmizi layiqli şəkildə təmsil etsin. Ancaq söyləməsə daha yaxşı olardı.
– Avroliqanın oyunları Ramazan ayına təsadüf edəcək. “Qarabağ”ın əksər üzvlərinin oruc tutduğunu nəzərə alsaq, problem olmayacaq ki?
– İnşallah, belə problemlər olmayacaq. Çünki artıq neçə ildi bu duruma öyrəşmişik.
– Azarkeşlər sizdən Riçard Almeyda, Muarem Muarem, Reynaldo kimi yeni futbolçular gözləyirlər. Belə oyunçular tapa bilmisiz?
– Məncə, gələn oyunçular heç də zəif deyil. İstər Gelaşvili, istərsə də Leroy kifayət qədər istedadlı oyunçulardı.
– Murad Səttarlının Avroliqada oynamaq şansı varmı?
– Hər bir oyunçunun oynamaq çansı var. Murad çox istəkli oyunçudu. Onun surətindən, bacarıqlarından istifadə edəcəyik. Zaman göstərəcək.
– Sizcə, dayaq yarımmüdafiəçisi kimi Qara Qarayevlə Namiq Yusifov yetərli olacaq?
– Orta sahədə Almeyda da var. Bizim üçün boy və sair önəmli deyi. Əsas odu ki, oynamağı bacarsınlar. Başqa oyunçu gətirib öz oyunçularımıza maneə yaratmaq istəmirik. Mən onlara inanıram.
– “Qarabağ” bu il Avroliqanın qrup mərhələsinə düşə biləcək?
– İndidən heç nə deyə bilmərik. Bu günlərdə məşqlərimiz tam surətdə davam edir. Çalışırıq ki, bütün komandanın səviyyəsini bir yerə çatdıraq. Milidən qayıdan oyunçularımız var ki, onlar istirahət etməyiblər. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. İnşallah hər kəs güclü bir “Qarabağ” görəcək.
– Neçə hücumçu almağı düşünürsüz? “Qarabağ”ın ötən mövsüm çempion ola bilməməsinə yaxşı hücumçularımızın olmamasının nə dərəcədə təsiri oldu?
– Artıq hücumçu transferimizi reallaşdırmışıq. Ötən il isə daha yaxşısı ola bilərdi. Ancaq biz bunun üçün maksimum çalışdıq. Bu, həssas bir mövqedi. Hücumçu tək nəticə verən olmamalıdı. Digər mövqelərə də yardımçı olmağı bacarmalıdı.
– Gelaşvili əvvəlki klublarında çox yaxşı çıxış etsə də, son klubu “Bohum”da elə də gözəl göstericisi yoxdu. Onun hazırkı forması nə vəd edir?
– Gelaşvili sürətli və təcrübəli futbolçudu. Onun sayəsində surətimiz artacaq. O, əsl peşəkardı. Komanda üçün əlindən gələni edəcəyini düşünürəm. Mentaliteti də bizə yaxın olduğu üçün onunla uyğunlaşmaqda şətinlik çəkməyəcəyik.
– Almaq istədiyiniz yerli futbolçunun adını açıqlaya bilərsiz?
– Onun adını hələlik açıqlamasaq daha yaxşı olar. (İmarət)