Sabah Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” “Maribor”u qəbul edəcək.
Korner.az-ın məlumatına görə, oyundan öncə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bunları deyib:
“Komanda eyforiyadan ayılıb. “Lill” matçının üstündən xeyli zaman keçib. Bütün hallarda irəli baxmalıyıq. Gənc futbolçuların inkişafına diqqət yetirməliyik. Biz onların oyunlarını izlədik. Artıq rəqib haqqında müəyyən təsəvvürümüz var.
Yekun heyət isə oyun günü bəlli olacaq. Ukraynanın Azərbaycandakı səfiri mənə təbrik məktubu ünvanladı. Buna görə, onlara təşəkkürümü bildirirəm. Bu, pozitiv bir şeydir. Fəxr edirəm çalışdığım insanlarla.
Əvvəlki komandaların gücüylə “Maribor”u müqayisə etmək düzgün olmazdı. “Maribor” sürətli komandadır. Onların ünvanına yalnız yaxşı sözlər deyə bilərəm. Məşqçi əməyi komanda üzərində hiss olunur.
Rəşad Sadiqov meydandakı əsas fiqurdur. İstənilən oyunçunun yoxluğu məşqçinin işini çətinləşdirir. Rəşadın da yaşının çox olmasına baxmayaraq hər gün oyununu yaxşılaşdırır.
Sabahkı oyuna hansı komandanın neçə faiz şanslı olduğunu deyə bilmərəm. 1% şansımız belə olsa bundan istifadə etmək istəyirik. Amma şansımızın 1%-dən çox olduğunu düşünürəm.
Yüksək motivasiyada oyuna hazırıq.
Sabahkı oyunu düşünürük sadəcə. Qrup mərhələsi haqqında verilən suallar divara dəymiş kimi olur. "Maribor" kimi çətin rəqib bizi gözləyir".
