“Bizim öz məqsədimiz var. Meydana qələbə üçün çıxacağıq”.
Korner.az-ın Futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suşi DÇ-2018-in seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
– Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdı. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir?
– Bu bizim üçün əlavə stimuldu. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdi.
– Azərbaycan millisi haqda nə bilirsiniz?
– Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarmızın sayını artırmağa çalışacağıq.
– Ölkə mətbuatınıza açıqlamalarınızda tez-tez qeyd edilir ki, Çexiyada Azərbaycanı uda bilməməyiniz sizi DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz?
– Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdi. Qisas hissi ilə gəlməmişik. Əsas odu ki, xallarımızın sayını artıraq.
– Artıq hər iki komandanın şansı yoxdu. Siz bu matça necə hazırlaşmısız?
– Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin.
– Azərbaycanla matçdan çəkinmirsiz?
– Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq.
– Müdafiə xətti haqda nə deyə bilərsiniz?
– Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik.
