Layihə

Qazaxların heyran qaldığı sabirabadlı “Musya” (LAYİHƏ)

08.11.2017 , 06:27

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində üçüncü yazısı

Bundan öncəki yazılarda oxucular futzalımızın adlı-sanlı isimlərindən olan Allahverdi Babayev və İlqar Abdulovla “tanış oldu”. Bu dəfə 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində adından söz etdirən daha bir futzalçının həyat hekayəsindən xəbərdar olacaqsınız. Onu tanımağa özünün dediklərindən başlamaq qərarına gəldik:”İnanıram ki, Müslüm Hüseynov adını hələ də xatırlayanlar var. Elə arxayın dedim ki, bəlkə də heç yoxdur(gülür). Zarafat edirəm, çoxları məni “Musya” kimi tanıyırdı”. 

Bəs, görəsən necə oldu ki, Sabirabad rayonunda dünyaya gələn Hüseynov Bakıda yerləşən “Spartak” İdman Cəmiyyətinin futbolçusuna çevrildi? Müslümün dilindən eşidək:”Bizim ailəmiz 6 yaşında Sabirabaddan Bakıya köçdü. Ailədə böyük uşaq mən idim. 7 yaşım vardı, dostumla “Spartak”a yollandıq. Orda Fazil Abbasovun rəhbərliyi altında məşqlərə başladıq. Yaxşı yadımdadı, ilk məşqdə 20 dəqiqə idi meydançaya çıxmışdım, məşqçi məni yanına çağırdı. Dedi ki, sabah 2 şəkil gətir, səni tez iştirak ərizəsinə daxil edim. Bir gündən sonra vacib oyunumuz var. Mənimlə futbola gedən dostum bir müddət sonra futboldan ayrıldı. Əslində, mənə futbol sevgisi atamdan keçmişdi. Atam daim futboldan danışırdı, oyunlara gedirdi. Amma, rəhmətlik babam ona futbola davam etməyə icazə verməyib. 16 yaşına qədər Fazil müəllimin yanında “top qovdum”. Bir dəfə məşqdən çıxanda iki nəfər mənə yaxınlaşdı. Neftçala rayonunda yeni komanda yaradıldığını dedilər. Məni, Ruslan Quliyevi və Babək Quliyevi(Sabiq FİFA referisi – red.) ora dəvət etdilər. Babəklə uşaqlıqdan dostluğumuz vardı. Hər ikimiz Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə oxumuşuq. Elə dəvəti də birlikdə müsbət dəyərləndirdik. Getdik, bir müddət orda oynadıq. Babək əla futbol oynayırdı. Sonra əsgərlik vaxtı gəldi. Klubu tərk edib əsgərliyə yola düşdüm”.

Əsgərlikdən qayıtdıqdan sonra Hüseynov bir daha yaşıl meydana çıxmır. Elə futzala gəlişi də həmin dönəmə təsadüf edir:”Hərbi xidmətdən yenicə qayıtmışdım. Mənim Yavər adlı yaxın dostum şirkətlərarası futzal turnirində oynayırdı. “Penzoyl” kollektivinin heyətində çıxış edirdi. Turnirin ¼ final mərhələsində məndən xahiş etdi ki, onlara kömək edim. Sözünü yerə salmadım. Bu parket üzərində ilk çıxışım idi, 23 yaşım vardı. Turnir başa çatdıqdan sonra klub rəhbərliyi mənə müqavilə təklif etdi. 3 il “Penzoyl”un şərəfini qorudum. Sonra “Anqlooyl”un baş məşqçisi Elxan Abdullayevin dəvəti ilə ora yollandım. Həmin vaxt onlar Yüksək Liqaya vəsiqə qazanmışdı. 1998-ci ildə həmin klubda Zaur Ramazanov, Elçin Əzimov, Vitali Borisov, Emin Salmanov kimi “sənətkarlar” oynayırdı. Sonradan Rəcəb Fərəczadə də bizə qoşuldu. Çox mehriban kollektiv idi. Adıma uyğun olaraq hamı məni “Musya” deyə çağırırdı. Sonralar bu ləqəblə tanındım. Yığmaya da elə o mövsüm dəvət aldım. Hacıbala Abdullayev və Əbdülqəni Nurməmmədov çağırıb söhbət etdilər. Məni milli komandada görmək istədiklərini bildirdilər. 2002-ci ildə Vergilər Nazirliyi klubu himayəsinə götürdü. Komandanın adını dəyişib “Tribut” qoydular”. 


Müslüm bəy, “Tribut”un heyətində ilk çempionluğunu yaşayandan sonra klubun dağılmasının şahidi olduğunu deyir:”2003-cü ildə qızıl medalları qazandıq. Komanda isə dağıldı. Bizdə həmişə necə olur? Elə də oldu. Dedilər kim hara istəyir getsin. Özü də həmin vaxt çox güclü çempionat keçirilirdi. Zallar dolu olurdu. Komandamızın heyətində 2 əla “dördlük” çıxış edirdi. Öz zəhmətimə heyfim gəlir. Komanda dağılmasaydı, Çempionlar Liqasında iştirak edəcəkdim. Qismət olmadı! Həmin turnirə isə bizim yerimizə AMMK yollandı. Sonrakı il “Azfarma”ya transfer olundum. Burda bir mövsüm oynadıqdan sonra “Turan AİR” komandasına keçdim. Çempionatın birinci dövrəsindən sonra lider idik. Klub rəhbərliyi toplantı edib, bəyan etdi ki, “Turan AİR” fəaliyyətini dayandırır. Yenə eyni aqibəti yaşadım. Çıxış etdiyim klub dağıldı. İkinci dövrəni “Araz”da keçirdim”.
Hüseynovun futzalda hiyləgər fəndi də olub. Millimizin heyətində həmin fənddən istifadə edib:”Yeri düşəndə, qapıya zərbə vuracaq kimi göstərirdim, amma vurmurdum, “pod sebya” edib, sonra vururdum. Özüm də o hərəkəti çox xoşlayırdım. Yaxşı da alınırdı. 11 il şərəfini qoruduğum millimizin görüşlərində bunu dəfələrlə etmişəm. Ümumiyyətlə yığmada ömrümboyu unutmayacağım anlar yaşadım. Çexiyada Ermənistanı darmadağın edənlərdən biri də mən idim. 2008-ci ildə onlara 9-1 hesabı ilə qalib gəldik. Çexiyadan isə güclü olsaq da, onlara yenildik. İndiki kimi yadımdadı. 2009-cu ildə yığmada çıxışlarımı başa vurdum. Həmin il başıma bir qəribə hadisə də gəldi. Kubokun finalına çıxmışdıq. Matçdan bir gün öncə yuxuda gördüm ki, əsas vaxt bərabərə bitir. Penaltilər seriyasında biz uduzuruq, özü də mən vura bilmirəm. Səhər gəlirik oyuna. Soyunub-geyinmə otağında uşaqlara dedim ki, belə bir yuxu görmüşəm. Penaltilər olarsa, mən vurmayacam. Qarşılaşmanın əsas vaxtı 2-2 hesabı ilə başa çatdı(gülür). Penaltilərə keçdik. Bizimkilər 5 zərbədən 4-ünü qola çevirdi. Rəqib də eyni sayda top vurdu. Növbə mənə çatdı. Sakitcə, zalın çıxışına doğru yönəldim ki, məni görməsinlər. Vurmaq istəmirdim. Allahverdi Babayev də rəqibin heyətində idi, məni gördü. Hakimə yaxınlaşdı ki, Müslüm vurmayıb. Hakim məsələdən duyuq düşdü. Məni penaltini yerinə yetirməyə dəvət etdi. Vura bilmədim(gülür). Görüşü uduzduq. Kuboku əldən verdik. Allahverdidən oldu(gülür). Elə bil hiss etmişdi ki, mən yuxu görmüşəm”.

Yığmada Müslüm Hüseynovla çiyin-çiyinə oynayan Ağatahir Əzimov onun əsl “döyüşçü” olduğunu bildirdi:”Müslüm, əsl komanda oyunçusu, gerçək döyüşçü idi. Qarşılaşmalarda “canını” qoyurdu. İndi belə futzalçılar yoxdu. “Musya” öz oyunu ilə azarkeşlərin rəğbətini qazanmışdı. O indi də çıxıb bir çox cavandan yaxşı oynayar”. 
2011-ci ilə qədər Naxçıvan təmsilçisinin formasını daşıyan Müslüm Hüseynov gözlənilmədən “parketi””quma” dəyişir:”Mən arada uşaqlarla qumda oynayırdım. Sonra eşitdik ki, çimərlik futbolu üzrə çempionat olacaq. Biz də futzaldakı uşaqlarla komanda yaradıb, iştirak etmək qərarına gəldik. Mövsümün sonunda isə 2-ci yeri tutduq. Həmin il “parketə” əlvida dedim! Çünki, bir müddət sonra çimərlik futbolu üzrə yığma komandaya da dəvət edildim. Düzdür, müxtəlif turnirlərdə futzal oynayırdım. Ancaq, elə-belə, özüm üçün”. 
Futzalda və çimərlik futbolunda adından söz etdirməyi bacaran “Musya” Qazaxıstanda belə top qovub:”Məzahir adlı dostum var. Qazaxıstanın Aktau şəhərində futzal komandası yaratmışdı. Məni ora çağırdı. Yüksək Dəstədə qalmaq onlara son üç matçda qələbə qazanmaq lazım idi. Onlarla razılaşıb Aktauya yola düşdüm. Hər üç qarşılaşmada qalib gəldik. Komanda Yüksək Dəstədə qaldı. Müqaviləmi uzatdılar. Ondan sonra digər komandalar da məni çağırırdı. Uzun müddət orda qaldım, sonra məşqçi kimi çalışmağa başladım”.
Qazaxıstanda zallara gələn azarkeşləri öz oyunu ilə valeh edən Allahverdi Babayev Müslüm Hüseynovun orda çox sevildiyini bildirdi:”Qazaxlar “Musya”nın oyununa heyran idi. Onu çox sevirdilər. Zala toplaşanlar həmişə ondan qeyri-adi hərəkətlər gözləyirdi”.

Müslüm Hüseynov 2000-ci illərdə futzala marağın daha çox olduğunu vurğulayır:”Əsl futzal onda idi. Zallar dolurdu. Hər görüşdə gərgin mübarizə gedirdi. Çempionluq uğrunda 4-5 klub yarışırdı. Düzdür, indi sürət ola bilsin daha çoxdur, o vaxt standart vəziyyətlərdən az istifadə olunurdu. Amma, indi şərait də o dövrdən çox yaxşıdı. Uşaqlar futzalı kiçik yaşlarından öyrənməlidi. 20-25 yaşında yox! İndi, uşaqlar bilmirlə hara getsinlər. Legionerlərin olması klublarımıza xeyirdi. Gərək, səviyyəli əcnəbi olsun ki, yerli uşaqlar onlara baxın nəsə öyrənsin. Təbii ki, onların çox olmasına qarşıyam. Gərək limit qoyulsun. Məsələn, Qazaxıstan çempionatında belədir. Azərbaycanlı futzalçılara inanmaq lazımdı. Yığmada öz oyunçularımız oynamalıdı. O vaxt belə idi”. 
Qeyd edək ki, Müslüm Hüseynov hazırda futzal üzrə Yüksək Liqada mübarizə aparan “Marafon” komandasında məşqçi kimi çalışır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

Yuxarı