Çexiyanın “Viktoriya” komandasının mərkəz müdafiəçisi Ruman Hubnik bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Plzen klubunun saytına açıqlamasında o bildirib ki, hər iki komandanı çətin oyun gözləyir.
“Bugünkü oyun döyüşə bərabər olacaq. “Qarabağ”ın güclü komanda olduğu bir daha təsdiqləndi. Plzendə istədiyimiz kimi oynadıq. Cavab matçı üçün şanslar 50/50-dir. Təəssüf ki, evdəki matçda qol vura bilmədik. Amma inanıram ki, səfərdəki oyunda buna nail olacağıq” – deyə “Viktoriya”nın kapitanı bildirib.
O daha sonra deyib: “Biz öz oyunumuzu nümayiş etdirməliyik. İlk dəqiqədən rəqib qapısı qarşısında təzyiq edib qol vurmalıyıq. Uzaq məsafədən zərbələr də olmalıdır. Evdəki oyunda biz belə zərbələrdən istifadə etmədik”.
R.Hubnik ötən şənbə Çexiya çempionatında oyun keçirmələrinə baxmayaraq, komandasının yorğun olmadığını da deyib.
“Viktoriya”nın kapitanı Bakıya dörd saat yol gəlmələrinə və havanın isti olmasına da toxunub: “Bu, indiyədək bizim ən uzun səfərimiz oldu. Amma həm bu fakt, həm də havanın isti olması bizi narahat etmir. Belə havada çox oyun keçirmişik. Həm də nəzərə alaq ki, matç axşam saat doqquzun yarısı başlayacaq. Ona görə də narahatlığa səbəb görmürəm. Biz matça yaxşı hazırlaşmışq. Səbirsizliklə oyunun başlamasını gözləyirəm”.
Xatirladaq ki, “Viktoriya” ilə “Qarabağ” arasındakı Çexiyada keçirilən ilk oyun 0:0 hesabı ilə yekunlaşıb. (qol.az)
