“Qarabağ”ın rəqibi “10”a çatdı
23.10.2018 , 10:01

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal” son 11 ildə ən yaxşı nəticəsinə imza atıb. “Topçular” buna Premyer Liqanın IX turunda “Lester”lə matçda nail olub.
Öz meydanında 3:1 hesablı əzmkar qələbə qazanan Unay Emerinin yetirmələri cari mövsümdə bütün turnirlərdə ardıcıl 10-cu qalibiyyətlərini əldə ediblər. Belə ki, London klubu avqustun 25-də başlayan uğurlu seriyada bunadək “Vest Hem” (3:1), “Kardiff” (3:2), “Nyukasl” (2:1), “Vorskla” (4:2), “Everton” (2:0), “Brentford” (3:1), “Uotford” (2:0), “Qarabağ” (3:0) və “Fulhem”i (5:1) məğlubiyyətə uğratmışdı.
Bununla “Arsenal” 2007-ci ilin oktyabrından sonrakı dövrdə özünün ən uzun qələbə seriyasını rəsmiləşdirib. Həmin vaxt londonlular 12 matçda qalib olmuşdu.
Qeyd edək ki, “Arsenal” 9 turdan sonra Premyer Liqada 4-cü yerdə qərarlaşır.
