Bu gün Topaz Premyer Liqasında 2017/2018 mövsümünün son oyunu keçirilib
“Qarabağ” “Qəbələ” ilə qarşılaşıb. Matç Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyundan sonra “Qarabağ”ın prezidenti Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq, oyun haqda fikirlərini bildirib:
– Biz daha çox ona görə çempion olmaq istəyirdik ki, Qarabağı dünyaya tanıdaq. Onun haq səsini dünyaya çatdıraq. Şükürlər olsun ki bunu bacardıq. Xalqımız da bizi dəstəklədi. Biz də hər zaman əziyyət çəkən təbəqənin yanında olduq, onları dəstəkləməyə çalışdıq. Artıq neçənci dəfədir ki, qalib olduq. Hamını təbrik edirəm. Bizim işimiz çətindir. Avropanın ən yaxşı komandalarına qarşı yarışacaq. Bunun üçün hazırlıqlarımız başlayıb. Bizim baş məşqçimiz ağıllı adamdır və biz ona hər cür səlahiyyəti vermişik.
– Yeni transferlər olacaqmı?
– Bir neçə günə yeni transferlər haqda məlumatlar eşidəcəksiniz.
– “Qarabağ”ın büdcəsi Avropaya çıxmağa bəs edəcəkmi?
– Büdcəmiz məhduddur, Avropayla müqayisədə əlbəttə azdır. Avropa komandaları klubdan pul qazanırlar, bizə isə komandaya pul yatırırıq. Onlar biletlərdən pul qazanırlar. İnşallah, gün gələr bizim camaat da varlanar, biz də biletin birini 50 manat edərik və pul qazanarıq.
– Lakin sizin qrupa yatırdığıınz pulların Avropada əvəzi çıxacaq…
– Əlbəttə, biz bu məsələni nəzərdə saxlayarıq. Biz məcburuq qabağa gedək ki, heç olmasa xərcimizi çıxara bilək.
– Çempionatın səviyyəsi haqda nə deyə bilərsiniz? “Qarabağ” ardıcıl 5-ci dəfədi çempion olur…
– Azərbaycan klublarının səviyyəsi yüksəlib. Artıq əvvəlki kimi deyil. Lakin “Qarabağ”da hamı üslubla oynayır.
