“Qarabağ”ın oyunu təxirə salındı
14.08.2024 , 19:25
Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyunu təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilib:
“Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. “Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, “Şamaxı” – “Qarabağ” görüşü avqustun 16-da keçirilməli idi.