“Qarabağ”a Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi olmağına görə nəzərdə tutulan çempionluq kubokunun və qızıl medalların təqdim olunacağı vaxt dəqiqləşib. Çempionun mükafatlandırılma mərasimi sonuncu – XXVIII turda olacaq. Bu, mayın 20-də keçiriləcək “Qəbələ” ilə səfər matçında gerçəkləşəcək.
“Qarabağ”ın bu çempionatda qalan yeganə ev oyununda – “Neftçi” ilə növbəti turda mayın 6-da “Azərsun Arena”da keçiriləcək matçda mükafatlandırılma mərasimi nəzərdə tutulmayıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin saytımıza verdiyi məlumata görə, medallar sonuncu turda sahibinə təqdim ediləcək: “Qarabağ” və “Qəbələ”nin medallarını sonuncu turda verməyi planlaşdırmışıq. “Qəbələ” razılıq versə, oyunu Bakıda keçirəcəyik və mükafatlandırılma mərasimi paytaxtda olacaq. Əks təqdirdə, bunu Qəbələdə həyata keçirəcəyik”.
Qurum bürünc medalları da son turda təqdim etməyi planlaşdırır. Bu mükafata “Sumqayıt”, “Neftçi” və “Zirə” iddialıdı.
Qeyd edək ki, ötən gün mətbuatda medalların mayın 6-da “Qarabağ”a təqdim ediləcəyi ilə bağlı xəbərlər yayılıb.
