“Bu komandada bizə güvənirlər və inamı doğrultmağa çalışırıq. Bu cür davam etmək lazımdı”
Bunu “Roma”nın baş məşqçisi Eysebio Di Françesko deyib.
Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliya təmsilçisi IV turda doğma meydanında “Çelsi”ni böyük hesabla məğlub edib. İlk hissədə rəqibi 2 dəfə meydanın mərkəzinə dəvət edən “canavarlar” fasilədən sonra daha bir qol vuraraq 3:0 hesablı qalibiyyət əldə ediblər.
Qarşılaşmadan sonra “Qarabağ”ın Madriddə “Atletiko”nu büdrətməsinə (1:1) də toxunan 48 yaşlı mütəxəssis bunu qeyri-adi nəticə saymadığını bildirib: “Biz də “Qarabağ”la bir dəfə qarşılaşmışıq və ağır səfərdən üzüağ çıxmışdıq. Ancaq etiraf etməliyəm ki, “Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün matçlara ciddi yanaşmaq məcburiyyətindəsən”.
Qeyd edək ki, “Roma” 4 turdan sonra 8 xalla C qrupuna başçılıq edir.
