“Qarabağ”ın hazırlıq planı
12.06.2024 , 10:54

“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Milli komandaların üzvü olan futbolçular Ağdam təmsilçisinin hazırlığına ayın 23-də qoşulacaqlar.
Paytaxtdakı toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. “Qarabağ” iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.
Qeyd olunub ki, texniki heyət tərəfindən komandanın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
