Premyer Liqanın 34-cü turunda “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edirdi. Görüşdə 1-0 hesabı ilə qalib gələn Ağdam klubu bu nəticə ilə 2014-2015 mövsümündə çempionluğunu rəsmiləşdirdi. Lakin sözügedən görüşdə baş verən bədbəxt hadisə bu sevincə müəyyən qədər kölgə saldı. Belə ki, sevimli komandasının çempionluğunu bayram edərkən azarkeşlərdən biri Orxan Salahlı tribunadan yıxıldı. Yaralanan azarkeş ətrafdakıların yardımı ilə xəstəxanaya çatdırıldı.
Məsələ ilə bağlı gənc azarkeş saytımıza açıqlamasında bir çox qaranlıq məqamlara aydınlıq gətirdi: “Hal-hazırda ayağıma gips qoyublar. 3 ay bu vəziyyətdə qalacaq. Hadisənin necə baş verdiyinə gəlincə isə, oyunçuların yanına getmək üçün hər kəs kimi tribunadan meydana tullanmaq istədim, bu vaxt polis dartışdırdı, yerə istədiyim kimi düşə bilmədim. Tullandığım yer çox da hündür deyildi, mənim kimi, 100-ə yaxın azarkeş də bu cür etmişdi, mən tullananda isə arxadan müdaxilə oldu, tarazılığımı itirdim. Bz də azarkeşlərə terrorçu kimi baxırlar. Xüsusən də, polislər. Onlar sanki topluluqdan qorxurlar, polislər bu ideologiyadan əl çəkmədikcə, futbolumuz da, tribunalar da yerində qalacaq, inkişaf etməyəcək. Başıma gələnlər ilə bütün azarkeşlər üzləşə bilər. Sözün düzü, bizim polislər təəssüf ki, eyni münasibəti əcnəbi azarkeşlərə qarşı sərgiləmirlər. Çox misal çəkmək olar, polislər azarkeşlərə qarşı münasibətlərini dəyişməlidirlər. Bu işin axırı pis yerə gedir, qorxuram ki, nə vaxtsa ölən olacaq. “Qarabağ”ın bu mövsümkü çıxışı haqda isə onu deyə bilərəm ki, hər şey möhtəşəm idi. Lakin bir onu da qeyd edim ki, hər oyun başa çatdıqdan sonra futbolçular özü azarkeşlərin yanına gəlməlidirlər, demirəm ki, tribunaya çıxsınlar, amma ən azından yaxınlaşıb, alqışlamalıdırlar. Bu onların mənəvi borcudur. Başıma gələn hadisə çempionluq sevincimizə kölgə saldı deməzdim, amma istədiyim kimi qeyd edə, sevinə bilmədim. Buna görə bir az pis oldum. Bu sözləri, fikrimcə, bütün aktiv azarkeşlər eşidir: “Qarabağ” (və ya başqa bir hansısa klub) qələbə qazandı, sənə nəsə düşəcək”? Buna görə də, sözün düzü, evdə bir az danladılar. Onu bildirim ki, həkimdə olarkən bir dostum zəng eləyib, “məşhur olmusan” dedi. Əvvəl nə demək istədiyini başa düşməsəm də, evə gəlib, internetə baxanda hər şeyi anladım. Sözün düzü, hadisənin bu qədər böyüdüləcəyini fikirləşməmişdim, əsas çempion olduq, mənim üçün başqa bir şey vacib deyil. Bundan əvvə də bir neçə dəfə “Qarabağ” azarkeşlərinin başına bədbəxt hadisələr gəlmişdi. Ya şansızlıqdır, ya da “Qarabağ”a olan sevgi. Əlbəttə, “Qarabağ”ın Çempionlar liqasındakı oyunlarına da getmək fikrim var, “Qarabağ” stadionda oynaya, mən evdə qalım, buna ürəyim dözməz. Bu mövsüm Çempionlar Liqasında imkanlarımız çox yüksəkdir, düzdür, çox şey püşkatmadan asılıdır. Bizə inanmaq lazımdır”.
Ürfan Məmmədzadə
