Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubu qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollanıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son 4 oyunda 10 xal toplayan "Qarabağ" yüksəlişdə olduğunu göstərib.
Ağdam təmsilçisi "Xəzər Lənkəran"ı məğlub etməklə həm əsas rəqibinindən aralandı, həm də inanlmaz bir ənənəni davam etdirir.
Artıq 5 ildir ki, "Qarabağ"ı çalışdıran Qurban Qurbanovun komandası qış fasiləsinə qədər qalan son 4 matçda uduzmayıb. Əslində, bir qədər də dəqiqləşdirsək, son 4 ildə bu oyunlar ancaq dekabr ayına təsadüf edib və "Qarabağ" ilin son ayında məğlubiyyət görməyib.
2008-ci il də ümumiyyətlə qış fasiləsinə dekabra çatmamış çıxıldığından "Qarabağ" meydana çıxmayıb. Əvəzində noyabrda baş tutan 4 görüşdə "Qarabağ" indiyə kimi davam edən seriyanın əsasını qoyub.
Arxada qalan mövsümdə ən uğurlu il 2010-da olub. "Qarabağ" həmin ilin sonunda 4 oyunun 4-də də qələbə qazanıb. Bu il isə 4 oyuna 10 xal qeydə alınıb. Ötən ilin dekabr oyunlarında isə "Qarabağ" qapısında top görməyib. Ümumi götürdükdə, 5 il müddətində davam edən seriyada 21 oyun baş tutub. 13 oyunda qləbəbə qazanan "Qarabağ" 8 oyunda heç-heçə edib. 27 qol vuran komanda qapısında cəmi 10 top görüb.
Bu seriyada ən çox oyun "Xəzər Lənkəran"la olub. 5 mövsümün 4-də Ağdam təmsilçisinin yolları cənub klubuyla kəsişib. "Qarabağ" səfərdəki 3 oyundan 2-ni qazanıb, birində isə heç-heçə edib. Sonuncu oyunda ilk dəfə "ağ-yaşıl"ları doğma meydanda qəbul edən "Qarabağ" Vüqar Nadirovun qolu sayəsində rəqibinə qalib gələrək möhtəşəm seriyanı davam etdirib. 10 görüş evdə, 11 görüş səfərdə oynayan "Qarabağ" doğma divarlar arasında 7, rəqib meydanında isə 6 dəfə qələbəyə sevinib.
