Çempionlar liqası

“Qarabağ”da olduğum üçün çox xoşbəxtəm” – Abdullah Zubir

19.07.2018 , 10:02

“Çətin komandaya qarşı oynadıq. Asan oyun olmadı. Bilirdik ki, bizi gərgin mübarizə gözləyir. Növbəti mərhələyə adlamaq üçün qapımızdan qol buraxmamalı idik. Çətin də olsa, bunu bacardıq. 1-ci hissədə topa nəzarət bizdə olsa da, “Olimpiya” topa yiyələnən kimi qapımıza doğru gəlirdi. İstəyimizə çatdıq və 2-ci mərhələdəyik”. Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.

Ağdam təmsilçisinin 26 yaşlı futbolçusu ÇL-in I təsnifat mərhələsinin Sloveniyanın “Olimpiya” klubu ilə cavab qarşılaşmasından sonra açıqlama verib. Zubir mərhələ adladıqları görüşdə doğma meydanda ilk dəfə “Qarabağ” forması ilə meydana çıxıb. O, azarkeşlərdən və meydandakı atmosferdən danışıb: “Çox məmnun qaldım. İlk oyun xoş təssürat oyatdı məndə. Stadiondakı ab-hava məni qane etdi. Azarkeşlər bizi qələbəyə səsləyirdi. Üstəlik, müsbət nəticə də qazandıq. Atmosfer çox xoşuma gəldi. “Qarabağ”da olduğum üçün çox xoşbəxtəm”.

“Futbola futzaldan gəlmisən. Həlledici məqamlarda qapıya zərbə endirmək əvəzinə driblinq etməyin bununla bağlıdır” sualına Abudllah Zubir belə cavab verib: “Futzaldan gəlməyimi düzgün vurğuladız. Zərbə endirmək üçün qarşın boş olmalıdır. Ən yaxşısını etməyə çalışıram”.

“Qarabağ” II mərhələdə Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. Zubir bu oyunla bağlı fikirlərini bildirib: “Qarabağ” olaraq, hər oyuna nəticə qazanmaq üçün çıxırıq. Bu oyun da belə olacaq. Meydanda əlimizdən gələni edəcəyik”.

Son yazılar

Yuxarı