Bu həftə Premyer Liqada XXIX turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, qarşılaşmalar cümə və şənbə günlərinə təsadüf edəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
XXIX tur, 3 may (cümə)
169. “Simurq” (Zaqatala) – “Qəbələ” (Qəbələ)
+6=5-6, top fərqi – 15:18
Əvvəlki 17 matçda eyni sayda qələbə qazanan komandaların oyunlarında “Qəbələ” top fərqində üstünlüyə malikdi. Lakin son 3 qarşılaşmada “Simurq” məğlub olmayıb. Ümumilikdə, son 6 görüşdə öz meydanında oynayan komanda qələbə qazana bilmir.
170. “Xəzər Lənkəran” (Lənkəran) – “Kəpəz” (Gəncə)
+9=1-1, top fərqi – 20:8
Son 6 oyunda rəqibinə 1 xal da verməyən “Xəzər Lənkəran” çempionatın autsayderi ilə görüşlərdə ardıcı 7-ci qələbəsini qazanmağa çalışacaq. İndiyədək 9 dəfə rəqibini yenən cənublular “Kəpəz”lə oyunlarda 10-cu qələbəni qazana bilər.
171. “Turan” (Tovuz) – AZAL (Bakı)
+4=6-11, top fərqi – 14:27
22-ci dəfə qarşılaşacaq rəqiblərin əvvəlki oyunlarında bakılılar böyük üstünlüyə malikdi. Ancaq son 7 dueldə meydana qonaq kimi çıxan tərəf qələbəyə həsrət qalıb.
4 may (şənbə)
172. “İnter” (Bakı) – “Bakı” (Bakı)
+13=7-13, top fərqi – 25:27
Paytaxt derbisi 34-cü dəfə baş tutacaq. Bunadək eyni sayda qələbə qazanan tərəflərin duellərində “Bakı” top fərqinə öndədi. Ancaq son 5 oyunda uduzmayan “İnter” 4 dəfə qələbəyə sevinib və 1 dəfə “sülh”lə kifayətlənib.
173. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı)
+15=20-16, top fərqi – 43:49
Əzəli rəqiblərin 52-ci dueli ərəfəsində “Neftçi”nin cüzi üstünlüyü var. Lakin son 3 oyunda qalib gələn Ağdam təmsilçisi seriyanı davam etdirməklə tarazlığı bərpa edə bilər. “Neftçi”nin vuracağı ilk qol bu duellərdə “Qarabağ”ın buraxdığı 50-ci top olacaq.
174. “Sumqayıt” (Sumqayıt) – “Rəvan” (Bakı)
+1=1-5, top fərqi – 5:11
8-ci dəfə qarşılaşacaq rəqiblərin matçlarında aşkar üstünlük “Rəvan”ın tərəfindədi. Bakılılar “Sumqayıt”ın bütün ev oyunlarında eyni – 1:0 hesabı ilə qalib gəlib.
