Dünənki oyundakı hakim rəzaləti heç kimdə fərqli hiss yaratmamalı, əslində. Və ya yaradırsa, daxili MENini sorğulamalıdı. Narazıyıq, söyürük, asırıq, kəsirik. Tamam. Amma həm də “ne etməliyik?” sualı ətrafında düşünmək lazımdı, axı. Yoxdumu bir çarəsi? UEFA nə deyir bu məsələ? Hakimi cəzalandırmaq? Onun canı Cəhənnəmə! Bizə lazım olan, bizim istədiyimiz bu deyil axı. Oyunu yenidən keçirtmək olmalıdı hədəf, hakimin cəzalanması, yaxud “bunları edirik ki, gələcəkdə belə şeylə sıxmasın bizi UEFA” düşüncəsi taleyinlə barışmaqdı. Oyunun təkrarlanmasına nail olmaq lazımdı, vəssalam!
Bəs hansı hallarda oyun təkrarlana bilər? Avropa futbol qurumunun əsasnaməsində maddə var bunla bağlı. Təəssüf, yanlış penaltidən, ofsayddan və ya əllə vurulan qollar bu maddəyə daxil edilmir ve ümumiyyətlə, UEFA bu kimi hallarla bağlı şikayətləri baxmadan rədd edir. Səbəb kimi isə deyir ki, bunlar hakimin fərdi qərarlarıdı, müdaxilə olmaz. Bəs nəyə baxır? O qərarlara ki, fərdi deyil, ümumi qayda pozuntusudur. Məsələn, oyun standartlara uyğun olmayan meydançada keçirildikdə, standartlara uyğun olmayan qapılar olduqda, işıqlandırma standarta uyğun olmadıqda və… Və oyunun final fiti vaxt bitməmiş səsləndikdə! Elə dünənki oyunda olduğu kimi!
Çex baş hakim matçın sonuna 4 dəqiqə əlavə etmişdi. “Qarabağ” isə qolu 3.12-ci dəqiqədə vurur. Ardınca məlum qarışıqlıq yaranır. 3.48-dək qarışıqlıq nümayiş olunur telekanalda, ardınca epizodun təkrarını göstərdiyindən, ekrandakı “sekundamer” itir. Videotəkrar bitir və “Qarabağ” futbolçularının məyus simasından anlaşılır ki, baş hakim matçı bitirib. Halbuki baş hakim 3.12-dən geriyə qalan 48 saniyəlik müddəti oynatmağa məcbur idi! Bu 48 saniyə bəs edir ki, onun oynadılmadığını sübuta yetirib matçın yenidən keçirilməsini tələb edək. Təklif etdim ki, klubda baş hakimin final fitini hansı saniyədə səsləndirdiyini göstərən kadr varsa, bu faktın izi ilə getməliyik. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və AFFA Hakimlər Komitəsinin sədri bu təklifimi bəyəndilər. Hətta Tahir bəy bunu araşdıracağıq da dedi. Bunun üçün isə sadəcə və sadəcə istək, bir də güclü vəkil+pul lazımdı. Sonuncunu elə-belə qeyd etmədim. Pulun güc olduğunu kim inkar edə bilər ki?!
Saleh Arslan
