“Qəbələ” Topaz Premyer Liqasının XII turunda “Qarabağ”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın ən çox qarşılaşdığı komandalardan biri olan Ağdam təmsilçisi ilə 26-cı duelə çıxacaq.
Korner.az-ın məlumatına görə, əvvəlki 25 matçdan 21-i çempionat, 4-ü kuboka təsadüf edib. Ümumiyyətlə komandaların oyunlarının böyük hissəsində bərabərlik qeydə alınıb. 25 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətlənib. 4 kubok qarşılaşmasının hamısı “sülh”lə nəticələnib. “Qarabağ” 2 dəfə mərhələni səfər qolu sayəsində keçib.
Qalibin müəyyənləşdiyi 14 qarşılaşmadan 9-da Ağdam, 5-də Qəbələ təmsilçisi 3 xala sevinib. “Qəbələ” son 6 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 4 qarşılaşmada yaşadıqları qol həsrətini və ardıcıl 3 məğlubiyyətdən ibarət uğursuz seriyanı qırmağa çalışacaq.
Əvvəlki 25 matçda 3 nəticə daha çox qeydə alınıb. 0:0, 1:1 və 2:1 hesablarının hərəsinə 5 dəfə təsadüf olunub. 4 dəfə isə oyunun taleyini 1 qol həll edib.
13-cü dəfə rəqibinin qonağı olacaq “Qəbələ” səfərdə 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar isə 8 dəfə fərqlənib.
Baş tutan bütün matçlarda ümumilikdə 49 qol vurulub. Bu isə o deməkdir ki, paytaxtdakı qarşılaşmada hesabı açacaq futbolçu duellərdə yubiley – 50-ci qolun müəllifi kimi tarixə düşəcək. İndiyədək toplardan 28-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub. Maraqlıdır ki, hər 2 komandanın heyətində 15 futbolçu qol sevinci yaşayıb.
“Qəbələ” – “Qarabağ” qarşılaşmalarında qol vuran 29 oyunçu arasında ən məhsuldarı isə Kənan Kərimovdur. O bu duellərdə hər 2 komandanın heyətində fərqlənən yeganə futbolçudur. Kərimov 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edib. Ağdamlıların heyətində Kənan Kərimovdan başqa Aslan Kərimov və Rauf Əliyev, “Qəbələ”də Viktor Mendi ilə Luis Paulo Hilario rəqib qapısına 3 dəfə tol tapıb. Sonuncu 2 futbolçu indiki klubunda çıxış etdiyindən göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. Arxada qalan 25 dueldə cəmi 2 dubl qeydə alınıb. “Qəbələ”də İqor Melnik, “Qarabağ”da isə Reynaldo Silva bunu bacarıb.