Ağdamın “Qarabağ” klubunun qələbə seriyası qırılıb.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası Topaz Premyer Liqasında martın 12-də 23-cü turun “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzandan sonra 29-cu turun mayın 4-dəki “Neftçi” ilə görüşünədək (1:2) 5 qələbə sıralamışdı. Bu qələbələri ümumi 8:3 top fərqi ilə qazanan “Qarabağ” mövsümün rekordunu təkrarlayıb.
Belə ki, “Neftçi” 18-22-ci turlarda 5 ardıcıl qələbə qazanmışdı. Lakin bakılıların top fərqi daha sanballı idi – 12:3.
Mövsümdə ardıcıl 5 qələbə qazanan 3-cü komanda isə AZAL oldu. Paytaxt təmsilçisi 24-cü turda martın 30-da “Xəzər Lənkəran”la səfərdə heç-heçə (1:1) etdikdən sonra qələbə seriyasını artıq 5-ə çatdırıb. AZAL-ın bu matçlardakı top fərqi 11:2-dir.
“Neftçi”nin seriyası çempionatın təsnifat mərhələsinə təsadüf edibsə, “Qarabağ” ilk, AZAL ikinci “altılıq”da 5 qələbəni sıralayıb. Bu isə o deməkdir ki, “Qarabağ” Azərbaycan çempionatları tarixində “altılıq”da qeydə alınan ən uzun qələbə seriyasının 1 addımlığında dayanıb. “Altılıq”da ən uzun qələbə seriyası 1998/99 mövsümündə qeydə alınıb. Həmin vaxt “Kəpəz” 28-33-cü turlarda ardıcıl 6 dəfə qalib gəlməklə çempionluğu təmin etmişdi və yalnız bundan sonra seriya qırılmışdı. “Qarabağ”ın həmin seriyasını təkrarlamasına 1 qələbəsi yetmədi. AZAL isə ikinci “altılıq” üçün 2010/11 mövsümündə qeydə alınan rekordu təkrarladı. Bələ ki, həmin vaxt “Muğan” da 5 qələbəni sıralamışdı.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən uzun qələbə seriyası da “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib.
