Azərbaycan çempionu “Qarabağ” üçün Premyer Liqanın VI turu uğurlu alınıb.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Zaqatalanın “Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb.
Son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun komandası 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra rəqibini məğlub edə bilib.
Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb.
