“Qarabağ” 30-a çatdı
21.10.2022 , 14:53

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.
Korner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, seriya yubiley həddinə Premyer Liqanın 11-ci turunda çatıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “köhlən atlar” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmadan başa vurub.
Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.
