Futbol

Qara Qarayev: “Geridə olmağımız, motivasiyamızı aşağı saldı”

17.11.2019 , 00:45

Azərbaycan millisinin üzvü Qara Qarayev AÇ-2020-nin seçmə mərhələsində evdə Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, yarımmüdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.

– Əlimizdən gələni etdik ki, xal qazanmaq istəyirdik. Ən azından 1 xal bizim üçün yaxşı nəticə olardı. Oyuna da pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi bir az geri saldı. Buna baxmayaraq, ilk hissə bizim üçün çox yaxşı alındı. Əks-hücumlara çıxa bildik. Mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu, onu da referi vermədi. İlk hissədə 2 top geridə olmağımız bizim də motivasiyavımızı aşağı saldı. İlk yarıda penalti verilsəydi, necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacaqdı.

– Əvvəlki matçlardakı oyun keyfiyyətini bu gün görmədik.
– Düşünürəm ki, ilk hissədə lazımı qədər yaxşı oynadıq. Əks-hücumlara çıxdıq, rəqibin cərimə meydançası ətrafında təhlükəli vəziyyətlər yaratdıq. İkinci hissə ilə bağlı sizinlə razıyam. Ön xətdə fəal ola bilmədik.

– Millimiz Kardiffdə bundan daha layiqli mübarizə aparmışdı?
– Kardiffdə geri düşdükdən sonra hesabı bərabərləşdirə bildik. Burada isə ilk hissədən sonra 2 top fərqi ilə geridə idik. Bu, planları pozdu. Əvvəlki oyunlarda da hesab arasında fərq az olanda daha mübariz oynayırdıq. 2-ci qoldan sonra isə komanda hardasa ruhdan düşür.

– İkinci hissədə adi ötürmələr də alınmırdı. Bu, motivasiyanın düşməsi ilə bağlı idi?
– Bəhanə gətirmək istəmirəm. İkinci hissədə yorğunluq da var idi. Rəqib topla daha çox oynayıb, bizi yordu.

– Səncə, VAR sistemi olsaydı, millimizin qrupdakı vəziyyəti necə olardı?
– Bu gün 1 yox, ən azı 2 xalımız olardı.

– Son 25 illik statistikada Azərbaycan heç vaxt bu seçmə mərhələdəki kimi zəif nəticə göstərməyib…
– Son 25 ildə bundan güclü qrupda da olmamışıq.

– Almaniya, Rusiya kimi komandalarla eyni qrupda oynamış, xallar qazanmışıq…
– Neçə xal yığdığımızı xatırlamıram, amma bu qrup çox güclüdür.

– Azərbaycan millisini hansı ölkə ilə müqayisə edə bilərik? Elə bir ölkə varmı?
– Mən həmişə İspaniya ilə müqayisə olunmağımızı istəmişəm. Sizin hansı ölkə ilə müqayisə apardığınızı bilmirəm.

– Son oyunda Slovakiya ilə qarşılaşacaqsız. Hazırkı nəticəni yaxşılaşdırmaq mümkün olacaq?
– İndiki dönəm futbolçular üçün çox çətindir. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşınəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir.

Son yazılar

Yuxarı