Milli

Qara Qarayev: “Əlimizdən gələni edəcəyik ki, qrupda çox xal toplayaq”

25.03.2019 , 23:40

Milli komandamız yoldaşlıq oyunu çərçivəsində Litvanı qəbul edib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Oyundan sonra millimizin üzvü Qara Qarayev jurnalistlərə müsahibə verib. 26 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:

– Öncə onu deyim ki, uzun müddət evdə oynamırdıq. Bizi tək qoymadıqlarına görə azarkeşlərə təşəkkürümü bildirərəm. Biz də istəyirdik ki, qalib gələk. Buna çox ehtiyacımız var idi. Amma alınmadı. Düşünürəm ki, oyunun əsas hissəsi bizim xeyrimizdə keçdi, istədiyimizi edə bildik. Sadəcə qol vura bilmədik. Ən real qol imkanları bizdə oldu, Litva komandasına imkan vermədik. Sözsüz ki, rəqib zaman-zaman üstünlüyü ələ keçirirdi. Amma çox da danışmağa ehtiyac yoxdu, daha çox çalışmaq lazımdı. Biz 10 günün komandasıyıq. 10 gün içərisində iki oyun oynamışıq. Startımız Xorvatiya ilə oldu və fikrimcə, pis alınmadı. Düşünürəm ki, pis başlamamışıq. Daha yaxşı olacağını fikirləşirəm.
– Litvaya qalib gələ bilmədiyinizə görə tənqid olunacağınızı düşünmürsənki?
– Futbol bizim işimizdi də. Nə vaxt ki, qalib gəlməyəcəyik, ümidləri doğrultmayacağıq, tənqid olunacağıq. Biz də bundan düzgün nəticə çıxarmalıyıq. Çətin olacağını bilirdik. Çünki zəif komanda yoxdur. Hər kəs oynaya bilir, müdafiə oluna bilir. Xorvatiya ilə oyundan əvvəl hamı deyirdi ki, biz zəifik. Amma 78-ci dəqiqəyə qədər bir xalı ala bilirdik. Sadəcə, ustalıq səviyyəsinə görə vurdular. Düşünürəm ki, indi hər kəs müdafiə olunub bir xal qazana bilir. Bu gün də bu oyunlardan biri idi.
– Eddi İsrafilovla yanbayan oynamaq çətin deyilki? Həm Xorvatiya, həm də Litvaya qarşı pis oynamadı Eddi. Yəqin sənin işini də asanlaşdırır?
–  Son vaxtlar klubunda da mütəmadi olaraq oynamağa başlayıb. Məncə, onun da çox faydası var. Nəinki Eddi, Riçard, Emin, Əli. Ortada elə uşaqlar yığılıb ki, hamısı ilə oynamaq mənə rahatdı. Baş məşqçimizin seçimi budusa, çalışırıq ki, bir-birimizi daha yaxşı başa düşək.
– Rəşad Sadıqov millidən gedəndən sonra heç kim 14 nömrəli formanı götürmürdü. Eddi yığmaya gələn kimi gözünü 14-ə dikdi.
– Bilmirəm, bu barədə heç düşünməmişəm. Nömrədi də. Rəşad Sadıqov belə şeylə bağlı bizə nəsə deməz.
– Xorvatiya ilə oyundan sonra hamı 2-3 cavabsız qolla qalib gələcəyinizi düşünürdü.
– Mən nə desəm, bəhanə kimi çıxacaq. Düşünürəm ki, oyunda temp aşağı deyildi. Qol olsaydı, tempin olduğu danışılacaqdı. Lazım olan temp var idi. Qol olmadığı üçün temp gözə görünmür.
– Bu oyunda qapıya zərbələr də az oldu.
– Belə fikirləşmirəm. Mahirin, Dimanın, Ramilin fürsətləri oldu. Sadəcə, qol olmadı. Yetərli hücumlarımız oldu.
– Bəs qol vurmağı öyrənməyiniz üçün nə qədər vaxt lazımdır? Qarşıdan Slovakiya və Macarıstanla oyunlar var.
– Biz 10 günün komandasıyıq. Biz bir-birimizdə səhvləri axtarmırıq. Doğrularımzı axtarırıq. Uğur qazanmağın yolları üzərində çalışırıq.
– Hər iki oyunda əvəzlənmisən. Baş məşqçinin istəyi nədir?
– Oyunun sonlarına 2-3 dəqiqə qalmış dəyişilmişəm. Məşqçinin oyunu sürətləndirmək istəyi məncə, normaldır.
– Macarıstan Xorvatiyanı məğlub etdi. Qrupda Azərbaycandan başqa bütün komandaların 3 xalı var. Artıq Azərbaycanın da şansları var.
– Qrupun çətinliyini bu qədər gözləmirdik. Artıq ilk turlardan bəlli oldu ki, elə-belə qrupda yer almamışıq. Həm sevindirdi, həm də düşündürdü. 4 komandanın eyni xalı var və gücləri demək olar, bərabərdir.
– Xorvatiyaya qarşı inamlı oynadıq. Bəlkə rəqib əvvəlki gücündə olmadığı üçün hamıya belə gəldi?
– Bunu hər kəs fərqli yoza bilər. Biri deyəcək ki, onlar əvvəlki gücdə deyil, başqası deyəcək ki, biz inamlı çıxış edib, onları yorduq. Hər deyiləni qəbul edə bilərik. Nəsə deyə bilmərik. Önəmli odur ki, biz yaxşı nəticə üçün oyuna çıxmışdıq və buna da çox yaxın idik.
– Nikola Yurçeviçlə Qurban Qurbanovun kollektivlərində fərqlər var?
– Atmosfer eynidir. Hər iki mütəxəssis tələbkardır. 10 günün komandasıyıq. Çox danışmaq hələ tezdir. Fərqlərdən danışmaq erkən olar.
– Nikola Yurçeviç riskə gedən məşqçidir?
– Riskə getmək zamanı idi. Oyunun sonlarında bu addım normaldır.
– Robert Prosineçki və Nikola Yurçeviçin oxşarlıqları var?
– Bizə gələn məşqçilərdə ən çox diqqət yetirdiyim amillər bizim mentalitetə hörmət etməsi, yerli futbolçulara münasibəti və uyğunlaşmalarıdır. Prosineçki və Yurçeviç bunu ən yüksək səviyyədə edir. İnsan olaraq, bizə münasibətləri ən yüksək səviyyədədir. Prosineçkini də fərqləndirmək istəmirəm, bizə inanırdı, hörmət edirdi. Nikola Yurçeviç də 10 gündür burdadır və bizə inandığını, güvəndiyini göstərir.
– Millimiz bu qrupdan çıxa bilər?
– Çox çətin sualdır. Heç nə deyə bilmirəm. Əlimizdən gələni edəcəyik ki, çox xal toplayaq. Reallığı da bilirsiniz ki, hansı qrupdayıq.

Son yazılar

Yuxarı