Artıq gələn həftə yeni – 2018-ci ilin anlarını yaşayacağıq
Bu heyvanın təcəssüm etdiyi əvvəlki illərin Azərbaycan futbolunda buraxdığı izlərə diqqət yetirək
İndiyədək 8 it ili görən futbolumuz 6 dəfə SSRİ dönəmində, 2 dəfə müstəqillikdə bu heyvanla üzləşib. Müstəqillikdəki bu illər daha çox qalmaqallarla yadda qalıb.
1922
11 il öncə ölkəmizə gələn futbol ilk addımlarını atsa da, siyasi-sosial məsələlərin kölgəsində idi. Müstəqilliyini yenicə itirən və SSRİ-yə birləşən respublikada idman arxa plana keçib. Belə vaxtda futbol üzrə nə Azərbaycan, nə Bakı birinciliyi təşkil olunub.
1934
Beşillik fasilədən sonra respublika çempionatı bərpa edilib. Yarışın ikinci qalibi adını isə “Həmkarlar İttifaqı” komandası qazanıb.
1946
Klublarımızın artıq SSRİ çempionatında çıxış etdiyi vaxtda təmsilçilərimiz aşağı liqalarda mübarizə aparıb. “Neftçi” II qrupun Cənub yarımqrupunda 9-cu yeri tutub. Paytaxt “Dinamo”su isə III qrupun Zaqafqaziya zonasında 7 komanda arasında 5-ci olub.
1958
“Neftçi” B qrupunun IV zonasında uğursuz çıxış edib. Bakılılar yalnız 7-ci yeri tutmaqla kifayətləniblər. Komanda ölkə kuboku ilə də erkən vidalaşıb.
1970
Nəhayət ki, Azərbaycan klubu it ilini güclülər dəstəsində keçirib. A sinfində mübarizə aparan “Neftçi” mövsümü 11-ci pillədə başa vurub. Kubokda bakılılar yarımfinala qədər irəliləyiblər. Finalın bir addımlığında Tiflis “Dinamo”su ilə görüşən paytaxt klubu Rafiq Quliyevin avtoqolu ilə mübarizəni dayandırıb – 0:1.
1982
“Neftçi” SSRİ çempionatları tarixinin sonuncu it ilini uğursuz keçirib. “Ağ-qaralar” 18 komanda arasında 16-cı yeri tutmaqla güclülər dəstəsində yerini çətinliklə qoruyub. Kubokda da komanda azarkeşlərinə sevinc bəxş edə bilməyib.
1994
Müstəqil Azərbaycan futbolunun ilk it ili əlamətdar hadisələrlə zəngin olub. “Turan”ın çempion, “Kəpəz”in kubok qazandığı mövsüm debütlərlə yadda qalıb. Tovuz klubu avrokuboklarda ilk təmsilçimiz kimi tarixə düşüb. “Turan”ın siftəsini iki oyuna 7 cavabsız qol vuran “Fənərbaxça” korlayıb. Azərbaycan millisi seçmə mərhələlərdəki debütünü AVRO-1996 yolunda keçirib. Buxarestdə Rumıniyaya 0:3 hesabı ilə uduzan yığma bununla beynəlxalq səhnəyə çıxıb. Amma it ili xoşagəlməz məqamlardan da uzaq olmayıb. “Neftçi”nin “Turan”la səfər oyunundakı məşhur qalmaqaldan sonra bakılılar AFFA-nın bayrağı altında oynamaqdan imtina edib. “Neftçi” və ətrafında birləşən klublar sonradan alternativ çempionat təşkil etməyə uğursuz cəhd də edib. Lakin çempionatı və kuboku yarımçıq tərk edən flaqman növbəti mövsüm yenidən AFFA-nın turnirlərində qüvvəsini sınayıb. İlin daha bir xoşagəlməz məqamı isə milliyə ev oyunlarını Bakıda keçirməyə icazə verilməməsi olub. Bu üzdən ölkəmizin əsas komandası AVRO-1996-nın seçmə mərhələsi matçlarında rəqiblərini Trabzonda qəbul edib.
2006
“Bakı”nın çempion, “Qarabağ”ın kubok sahibi olduğu mövsüm kifayət qədər maralı keçməsi ilə yadda qalıb. Düzdü, sonradan hər iki komanda avrokuboklara erkən vida edib. Əvəzində hər iki yarışda 2-ci olan “Karvan” UEFA kuboku tarixinə mərhələ keçən ilk Azərbaycan klubu kimi düşüb. 12 il öncəki kimi it ili yenə qalmaqalla yadda qalıb. Millinin baş məşqçisi Şahin Diniyevin Ukraynaya 0:6 hesablı məğlubiyyətdən sonra bir qrup futbolçudan imtina etməsi qalmaqal və futbol ictimaiyyətində də ciddi fikir ayrılıqları yaradıb. Nəticədə aparıcı oyunçularından məhrum olan yığma milliləşmə ilə xilas yolları axtarmağa başlayıb. “Kayserispor”dan geri dönən Rəşad Sadıqov da bu ilin bir hissəsini basketbol oynamaqla keçirib. 2006-cı il də həm də son illərdə ölkənin ən yaxşı məşqçisi olan Qurban Qurbanovun çalışdırıcılıq fəaliyyətinə başlaması ilə əlamətdardı. Həmin vaxt mütəxəssis “Neftçi”nin “sükanı arxasına” keçib.
apasport.az
