Bu gün “Bayıl Arena”da Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə həsr olunmuş BEGOC – AFFA qadın futbol komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.
Korner.az-ın məlumatına əsasən görüşün təşkilində məqsəd qadınları bədən tərbiyəsi və idmanla məşğul olmağa dəvət etmək, idmanın geniş imkanlarından faydalanaraq onları özünüinkişaf və cəmiyyətin inkişafına daha böyük töhfələr verməyə sövq etmək, qadınlara qarşı hər hansı bir zorakılığa etiraz edərək belə halların baş verməməsi üçün cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına diqqəti cəlb etməkdir.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin çoxmilli komanda heyəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının idman mütəxəssislərindən ibarət komandasının bu görüşü bir nümunə olaraq onu göstərir ki, idman fəaliyyəti milliyətindən, yaşından və fəaliyyət növündən asılı olmayaraq hər bir qadın həyatdan zövq almaq, ünsiyyət qurmaq, sağlamlığını qorumaq və həmrəy olmaq imkanı yaradır.
Birləşmiş Millətlər Təşkilatının “Minilliyin İnkişaf Məqsədləri” Bəyənnaməsində göstərilən bəşəriyyət üçün səkkiz vacib məsələdən biri də “Qadınların cəmiyyətəki səlahiyyət və imkanlarının genişləndirilməsi”dir ki, buna nail olmağın ən gözəl vasitəsi məşğul olanlarda özünəinam hisslərini yaradan, cəmiyyətə inteqrasiya, həyatı dəyişməyə yol açan idmandır.
Tədbirin təşkilatçısı İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyidir.
