Bu gün Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb.
Korner.az-ın məlumatına görə, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir.
İlk gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. Qadın güləşçilərimiz hər iki görüşü 5:3 hesablı qələbə ilə başa vuraraq yarımqrupu ilk sırada tamamlayıb. Digər yarımqrupda Rusiya güləşçiləri birinci olub. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşacaq.
Beləliklə, Avropa Millətlər Kuboku turnirində qadın güləşçilərin mübarizəsində final görüşü Azərbaycan və Rusiya yığmaları arasında olacaq. Final görüşü 8 noyabr saat 17:30-da başlayacaq.
