Qəzetlərə maliyyə yardımı dayandırılır: “Futbol+”in aqibəti necə olacaq? – AÇIQLAMA
31.01.2019 , 17:06

Bu gün media portallarında ölkə mətbuatında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlanacağı haqqında məlumat yayılıb. İddialara görə, hazırda KİVDF-də fövqəladə iclas keçirilir.
Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcəyi bildirilir. Qeyd olunur ki, maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri. Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.
Ölkə mediasında yeganə gündəlik idman qəzeti olan “Futbol+” qəzetinin də maliyyə dəstəyindən məhrum olması maraq doğurur. Məsələ ilə bağlı korner.az-a danışan qəzetin baş redaktoru Mahir Rüstəmli qəzetin fəaliyyətinin dayandırıb-dayandırmaması haqda fikirlərini səsələndirib: “Məsələ bu şəkildədirsə, təəssüf ki, bizə də maliyyə dəstəyi dayandırılacaq. Əgər idman nəşrləri KİVDF-yə sənəd verə bilməyəcəksə, təbii ki, biz də bunu edə bilməyəcəyik. Hər halda nələrsə düşünəcəyik, müəyyən addımlar atılacaq. Hələlik bəzi məqamları dəqiqləşdirməliyəm, ondan sonra açıqlama verəcəm. Hər bir halda qəzet fəaliyyətini dayandırmayacaq. Hansısa şəkildə qəzet fəaliyyətini davam etdirəcək. Ola bilsin, qəzetin dövriyyəsi dəyişər, gündəlik olmaz, ancaq yenə də “Futbol+” nəşrini davam etdirəcək”.
