Futzal

“Qələbə qazananda səhvlər çox yadda qalmır”

30.01.2021 , 14:52

“Birinci oyun hər zaman çətin keçir. Həm də 10 aydan çoxdur ki, zalda məşq etmir, oyun keçirmirdik. Ötən ilin noyabrında Çempionlar Liqasında cəmi bir görüşdə iştirak etmişik. Oyuna gəldikdə, yaxşı başladıq, hesabı açdıq. Sadəcə, sonra yaratdığımız qol epizodlarını boşa verdik”.

Korner.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Xətai Bağırov deyib.

O, Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya oyunu şərh edib. Futzalçı startda 4:1 hesabı ilə qazandıqları qələbədə özünün real qol epizodlarını reallaşdıra bilməməsini belə izah edib: “Elə mənim qol vurmaq üçün iki yüzfaizlik şansım oldu, istifadə edə bilmədim. Bunun hamısı zalda məşq etməməyimizin, oyun keçirməməyimizin nəticəsidir. Oyunla məşq eyni effekti vermir. Zala demək olar, hələ tam öyrəşməmişik. Çətinliyə baxmayaraq, ikinci hissənin sonuna yaxın hesabı xeyrimizə dəyişdik, ardıcıl qollar vurduq. Qələbə qazananda səhvlər çox yadda qalmır, gözə görünmür. Vacib olan qələbə qazanmaq idi, bunu bacarmaqla çox şeyin üzərindən xətt çəkdik”.

Bağırov Futzal Federasiyasının saytına açıqlamasında növbəti turda Yunanıstanla oyun haqda da fikirlərini bölüşüb: “Uğurlu başlanğıcın davamını Yunanıstanda gətirməliyik. Az vaxtımız var. Bu ölkənin yığması ilə qarşılaşmasaq da, son çempionları ilə Çempionlar Liqasında üz-üzə gəlmişik. AEK-in üzvlərinin əksəriyyəti millinin oyunçularıdır. Baş məşqçi də hər iki yerdə çalışır. Yəni oyun üslubuna bələdik. Səfərdən yaxşı nəticə ilə  qayıdacağımıza inanıram”.

Millinin üzvü Afinadan döndükdən sonra da məşqlərə fasilə verməməyin vacibliyini qeyd edib: “Məşqlərimizi davam etdirməliyik. Çünki martda və apreldə vacib oyunlarımız var. Yeni-yeni formaya düşürük. Fasilə versək, sonrası yaxşı olmayacaq. Bunu “Araz”ın timsalında yaşadıq. Noyabrda reytinqdə və gücdə bizdən zəif olan komandaya yenildik və mübarizəni dayandırdıq”.

Son yazılar

Yuxarı