Bu həftə Premyer Liqada XXIX turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, “Qəbələ” mayın 3-də Zaqatalada “Simurq”un qonağı olacaq. Mövsümdə 4-cü dəfə üz-üzə gələcək komandalar tarixlərində 22-ci duelə çıxacaq.
2005-ci ilin yayında yaranan “Qəbələ” və “Simurq” elə ilk mövsümdə I dəstədə uğurla çıxış edib güclülər dəstəsinə vəsiqə qazandılar. Aşağı dəstədən başlayan həmin rəqabət dövründə rəqiblər 2 dəfə I dəstə, 2 dəfə kubok və 15 dəfə çempionatda qarşılaşıb.
Əvvəlki 21 qarşılaşmada 9 qələbəsi olan “qara-qırmızılar” “Simurq” üzərində yubiley zəfərini əldə etmək əzmindədi. Cari mövsümdə rəqibini yenməyən “Qəbələ” son 3 oyunda hər dəfə 1 qol buraxmaqla qalib gələ bilməyib.
Cari mövsümdə 2 dəfə, ümumilikdə isə 5 dəfə komandaların oyununda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi isə 7 dəfə meydanı 3 xalla tərk edib.
Top fərqində üstünlüyə malik olan “Qəbələ”di – 25:18. Son 4 dueldə hər komanda 1 dəfə qapısını toxunulmaz saxlaya bilib. Lakin bu 4 matçda 1-dən artıq qol vuran olmayıb.
“Simurq”un meydanında 11-ci dəfə baş tutacaq oyunadək meydan sahibləri 4 qələbə qazanıb. 3 dəfə “Qəbələ”nin qalib gəldiyi qarşılaşmalarda eyni sayda heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi öz meydanında 11, qonaqlar isə 10 dəfə qol sevinci yaşayıb.
