“Qəbələ”nin yeni transferi Pavel Paşayev mövsümün sonunadək “qırmızı qaralar”ın formasını geyinəcək.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına öncəki karyerası haqda danışan millimizin üzvü tezliklə yeni komandasına fayda vermək istədiyini bildirib.
Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan 28 yaşlı müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən Pavel 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.
Xatırladaq ki, Paşayevə qədər “Qəbələ” qış fasiləsində Rəşad Eyyubovu da heyətinə qatıb.
“Qəbələ” TV-nin Pavel Paşayev haqda hazırladığı qısa videosujeti təqdim edirik:
