Azərbaycanı və “Qəbələ”ni beynəlxalq arenada uğurla təmsil edən Rafael Ağayev titullarına daha birisini əlavə edib. Macarıstanda keçirilən 48-ci Avropa Çempionatında rəqiblərinə şans verməyən karateçi finala adlayıb.
Korner.az-ın məlumatına görə, həlledici görüşdə Ağayev hollandiyalı Rene Smalla qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüş karateçimizin qələbəsi ilə yekunlaşıb. Bununla da Rafael WKF növü üzrə 11-ci Avropa çempionluğunu qazanıb. Ağayev çempionatda 75 kq çəki dərəcəsində mübarizə aparıb. Bu çəkidə 32 idmançı medallar uğrunda üz-üzə gəlib.
Döyüşdən sonra Rafael Ağayev fikirlərini gabalafc.az-la bölüşüb. Döyüşçü yarımfinal və final görüşlərinin gərgin keçdiyini bildirib:
“Bildiyiniz kimi sözügedən turnir ən çətin və vacib yarışlarındandı. Burada Avropanın ən güclü və tanınmış idmançıları iştirak edir. Finala qədər 4 döyüş keçirdim. Avtriya, Slovakiya, Portuqaliya və İtaliya idmançısına qalib gəldim. Xüsusilə yarımfinalda italyan döyüşçü Luici Busa ilə görüşüm gərgin alındı.
Onunla ötən ilin noyabr ayında Dünya Çempionatının finalında qarşılaşmışdım. Döyüş 0:0 hesabilə yekunlaşdı və hakimlərin rəyi ilə qələbə Busaya verildi. Bu dəfə isə ona şans vermədim. Final döyüşüm də çətin keçdi. Buna baxmayaraq hollandiyalı Rene Smalla qalib gəlməyi bacardım. Bu təkcə mənim qələbəm deyil, “Qəbələ” İdman Klubunun və Azərbaycanın qələbəsidi”.
Avropa çempionatında 45 ölkədən 497 idmançı iştirak edir. Azərbaycan çempionatda 2-i qadın, 11 kişi olmaqla 13 döyüşçü ilə təmsil olunur. Yarışa sabah yekun vurulacaq.