“Qəbələ”nin “Proqres” hazırlığı davam edir
09.07.2018 , 09:46

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.
İyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də vətənə dönən “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda gerçəkləşdirib. İyulun 8-də baş tutan məşqlə komanda paytaxtdakı hazırlığı başa vurub. Futbolçular günün ilk yarısında hazırlıq keçib.
“Qırmızı-qaralar” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.
Xatırladaq ki, Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
