“Qəbələ”nin futbolçusu Yannik Kamanan Fransa mətbuatına müsahibə verib.
Korner.az-ın məlumatına görə, 33 yaşlı forvard bir sıra mətləblərə aydınlıq gətirib.
– Artıq neçə ildi Azərbaycandasız. “Qəbələ” karyeranızı başa vurmaq, Fransaya qayıtmaq fikrində deyilsiz ki?
– Mayın 20-nə qədər bu suala cavab verə bilməyəcəm. Amma etiraf edim ki, ailəmdən bu qədər uzaqda yaşamaq bir az çətindi. Həyat yoldaşım və 2 uşağım Fransanın Valansyenn şəhərində yaşayır. Orda ev almışıq. Milli komandaların oyunları ilə əlaqədar fasilə yaranan kimi özümü ailəmin yanına çatdırıram.
– Peşəkar karyeranıza 2001-ci ildə İngiltərədə başladız. Amma “Tottenhem”dən tez ayrıldız…
– Baş məşqçimiz Qlen Hoddl mənə səbrli olmağı tövsiyə edirdi. Elə onun köməkçisi Kris Hyuton da komandada qalmağımı istəyirdi. Amma mən tərslik etdim və Fransaya qayıtdım.
– Teddi Şeringem, David Jinola, Qustavo Poyet kimi futbolçularla eyni klubda qalmadığınız üçün peşman deyilsiz?
– Mən komandanın gələcək üçün ümidverən oyunçularından sayılırdım. Amma Fransaya qayıtmaqla səhv addım atdım. Qayıtmasaydım, necə olacağını deməyə çətinlik çəkirəm.
– Həmin vaxt Fransa U-19-nun üzvü idiz…
– Millidəki komanda yoldaşlarım Fransa liqasında özünü göstərməyə başlayırdı. Filipp Mekses, Bernar Mendi, Qael Danik, Cibrıl Sisse… Xüsusilə də sonuncu.
– Həmin vaxt klublarınızı tez-tez dəyişirdiz…
– Əslində, hər şey yaxşı edirdi. Bəzi böyük klubların da maraq dairəsinə düşmüşdüm. Lakin Türkiyə “Sivasspor”u məni buraxmaq istəmədi. Çempionlar Liqasında oynayacaqlarını əsas gətirib yolumu bağladılar. Düzdü, bu turnirdə özümü göstərə bilərdim.
– Digər Türkiyə klubu – “Mersin İdman Yurdu”nda karyeranızın alınmaması nə ilə bağlı idi?
– Orda 1 ilə yaxın qaldım. Amma çox oynamırdım. Tanış menecerlərdən birindən xahiş etdim ki, variant olsa mənə xəbər etsin. O da sifətimə baxıb Azərbaycan variantının olduğunu dedi. Müəyyən nüfuzum var idi. Amma yaşıma da nəzər saldım. Düşünüb tez qərar verdim. Axı hələ çox oynamaq istəyirdim.
– Qəbələni necə təsvir edə bilərsiniz?
– Biz kotteclərdə məskunlaşmışıq. Burada əla, 5 ulduzlu otellər də var. İstəsəm Fransa televiziyasını da izləyə bilərəm. Lakin ingilis dilini də yaxşı bildiyimdən “Sky Sports”la kifayətlənirəm.
– Bəs klubunuz və qazancınız haqda nə deyə bilərsiz?
– Hər şeydən razıyam, hamısı yaxşıdı.
– Planlarınız necədi?
– Yenidən Londona qayıtmaq istəyirəm, orda dostlarım qalıb. “Çarlton”da çıxış edən Conni Cekson yaxın dostumdu. İngiltərəyə yollanmaq, onunla da görüşmək istəyirəm.