Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ" klubunun ilk rəqibi Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" komandası olub.
Korner.az-ın məıumatına görə, Şiroki Briyeq şəhərini təmsil edən klubun əsası 1948-ci ildə qoyulub.
Ev görüşlərini "Pekara" stadionunda keçirən klub göy və ağ rəngli formalardan istifadə edir. Stadion 8 min tamaşaçı tutumuna malikdir. Əsasən yerli futbolçuların ibarət olan komandanı Slaven Musa çalışdırır. Klub prezidenti isə Zlatan Mijo Yeliçdir. Tarixi ərzində iki dəfə ölkə çempionluğu sevinci yaşayan (2003/2004, 2005/2006) "Şiroki Briyeq" klubu iki dəfə də ölkə kubokuna (2007, 2013) sahib çıxıb.
Bosniya və Hersoqovina təmsilçisi daha öncə avrokuboklarda Azərbaycanın "Neftçi" klubu ilə qarşılaşıb. 2004/2005 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələn komanda (2:1, 0:1) iki oyunun nəticəsinə görə mübarizəni dayandırmışdı. "Qəbələ"nin rəqibi ötən mövsüm Avropa Liqasının III təsnifat mərhələsində "Udineze" səddini keçə bilməmişdi (1:3, 0:4).
