“Qəbələ”nin Antalyada 4-cü günü
15.01.2020 , 22:51

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cu gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 14-də Macarıstanın MKT klubu ilə yoxlama oyunu (0:3) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər.
Hazırlığa qaçışla başlayan futbolçular ardınca fiziki təmrinlər yerinə yetirib, məşqi toplu çalışmalarla yekunlaşdırıblar. Zədədən sonra bərpa prosesini başa vuran Rasim Ramaldanov komanda ilə məşqlərə başlayıb.
