“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2012/13 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.
Korner.az-ın məlumatına görə, iki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk hissəsi Qəbələdə baş tutacaq.
Bu məqsədlə doğma məkanda toplaşan Luis Araqonun yetirmələri dünəndən etibarən təlim-məşqlərə başlayıb. Hazırlığın ilk günü qarlı hava şəraitinə görə qapalı meydançada keçirilib. Xatırladaq ki, Qəbələ toplanışı yanvarın 17-dək davam edəcək.
Yanvarın 20-də isə komanda Antalyaya yollanacaq. Təlim-məşq prosesinin ikinci mərhələsi müddətində “qırmızı-qaralar” Bələk bölgəsində yerləşən “Papillon Ayscha” otelində məskunlaşacaq. Antalya toplanışında “Qəbələ” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər və qarşılaşmaların keçiriləcəyi tarixlər yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, “Qəbələ”nin əsas komandası da yanvarın 20-də Türkiyəyə gedəcək və Bələkdə hazırlıq keçəcək. Ancaq əvəzedicilərdən fərqli, əsas komanda Antalyanın ən yaxşı otellərindən olan “Gloria Serenity”də qalacaq.
