Zaqatalanın "Simurq" klubunun müdafiəçisi Nicat Qurbanovun Korner.az saytına müsahibəsi.
– "Qəbələ" üzərində qələbə qazanaraq ikinci dövrədə ikinci qələbənizi qazandınız. 4 turdan sonra qazanılan 3 xalı necə dəyərləndirərdin?
Qələbə qazanmağıza baxmayaraq, "Qəbələ" asan yeniləcək bir komanda deyil. Lakin biz qələbəni daha çox istədik və onu da qazandıq.
– İkinci dövrədə "Simurq" stabil çıxış etmir. İlk dövrədə qələbələri sıralayan "Simurq"u indi məğlub etməyən komanda qalmayıb. Bunun səbəbi nədi?
Deməzdim ki, zəif çıxış edirik. Sadəcə ilk "altılıq"da zəif komanda yoxdu. 12 klub içərisində 4-cü yeri tutmaq pis nəticə deyil. Biz ikinci dövrədə "Qarabağ" kimi komandanı yenmişik və düşünürəm ki, biz zəif çıxış etmirik. Sadəcə bəxtimiz gətirmir.
-"Bəxtimiz gətirmir" deyərkən nəyi nəzərdə tutursan?
Bir çox oyunda qol imkanlarından yararlana bilmədik. Bundan əlavə, gücümüzü tam ortaya qoya bilmədik.
– Əsas heyətdə səni tez-tez görmürdük. Lakin ilk "onbirlik"də başladaığın "Qəbələ" ilə oyunda hücumçularınızın bacarmadığını edib, iki qol vurdun.
Açığı, dubl edəcəyimi gözləmirdim. Lakin qol vuracağımı hiss etmişdim. Əsas məsələ komandamın 3 xal qazanmasıdı. Fərqi yoxdu qolu mən vurdum, ya digəri.
– Qol sevincini Rasim Ramaldanovun yanına qaçmaqla bildirdin.
Rasim oyundan öncə mənə dedi ki, "hiss edirəm, qol vuracaqsan". Mən də dedim ki, qol vursam, sənin yanına gələcəm.
– Avrokuboklar şansını itirmiş "Simurq"dan zaqatalalı azarkeşlər nə gözləsin?
Azarkeşlər hər zaman bizə dəstək olublar. Avrokuboklara düşməsək də, onların bizim yanımızda olacağına əminəm.
