Futbolumuz “inkişaf” edir. Ona görə dırnaqarası inkişaf edir ki, əslində futbolumuz deyil, “ciblərimizdi” şişən. Futbolu inkişafına səbəb olan “ciblər” öz bəhrəsini az da olsa görür. Amma o “ciblər” həmişə dolu olmur axı. Ciblər boşalanda futbolun da inkişafı dayanır. Necə ki, bunu “Bakı”da müşahidə etdik. Düzü, bunu normal hesab etmək olar. Pulla alına bilməyəcək şey ağıldı ki, o da əksər “cibidolu”larda yoxdu. Bəlkə də, var. İşlədə bilmirlər. Nəticəni tez görmək istədiklərindən, cibi yeni dolan kasıb kimi, “nə lazımdı edərik” şüarını əldə bayraq edirlər. Razıyam, edirsən nəsə, amma lazım olanı etmirsən axı. Komandaya ordan-burdan legioner yığmaqla, adı-sanı olan məşqçi gətirməklə, “ə, daha nə edə bilərəm” deməklə düzəlmir bu işlər.
Ötən il Marat İzmaylov kimi futbolçu Topaz Premyer Liqasında oynadı. Doğrudu, keçən mövsüm bölgə təmsilçisi avrokuboklarda bizi təmsil etdi. Bu da yuxarı da qeyd etdiyim “az da olsa bəhrəsini görürlər” cümləsinin təsdiqi. Sonra nə oldu? “Ciblər” boşaldımı? Ya pul xərcləmək sərf etmədi? Məncə, bunlardan heç biri səbəb deyil. Əsl səbəbi bir-iki tur keçəndən sonra görəcəyik. Hazırkı durum isə “Qəbələ”də pulların düzgün xərclənilmədiyini açıq-aşkar göstərir. Mövsüm yeni başlasa da, indidən dəyərləndirmək yerinə düşər. Avrokuboklardakı çıxış haqda çox danışmağa gərək yoxdu. “Messi, yoxsa Ronaldo” müqayisəsi edən uşaq da gördü o biabırçılığı.
“Qəbələ”nin geridə qoyduğu ilk 4 turda nə etdi? İlk turda “İnter”ə uduzdu. Sonra “Araz Naxçıvan”la qarşılaşdılar. Penalti qolu ilə qazanılan qələbə gözləri bağladı. Qol-qanadı qırılan “Bakı” üzərindəki qələbə də uğur sayılmamalı idi. Nəhayət, IV tur. Demək olar ki, hər oyun dəstəyə gələn qəbələli azarkeşlərin gözü önündə layiqli məğlubiyyət aldılar.
Bu 4 oyundan sonra belə nəticəyə gəlmək olar ki, qazanılan iki qələbəni böyük uğur saymaq olmaz. Çünki, iddialı olan “İnter”dən 4, liqanın orta səviyyəli klubundan doğma meydanda 2 qol yeyirsə, qarşıdakı “Neftçi” və “Qarabağ”la oyunlarda gözləyən nəticəni təxmin etmək elə də çətin deyil.
Bu “Qəbələ”nin ən uyğun rəqibi “Xəzər Lənkəran”dı. Hər iki klubun getdiyi inkişaf yolu eyni olmasa da, oxşardı.
İlkin Məmmədov
