“Qəbələ”dən “Sumqayıt”a 7 cavabsız qol
21.08.2023 , 09:57

Əvəzedicilər liqasında çıxış edən “Qəbələ-2” mövsümdə ilk ev oyununu keçirib.
Korner.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda III turda “Sumqayıt”ı qəbul edib.
İlk iki görüşü səfərdə keçirən komanda “Sabah” (3:1) və “Araz-Naxçıvan”la (6:2) görüşlərdəki qələbə seriyasını inamla davam etdirməyi bacarıb. Sumqayıtın eyniadlı təmsilçisi ilə qarşılaşmaya da fəal başlayan “qırmızı-qaralar” artıq ilk 45 dəqiqədə matçın taleyini həll edə bilib. Elnur İbragimov, Eşqin Əhmədov və Sənan Ağalarov fasiləyədək rəqib qapısına yol tapıb.
İkinci hissə də eyni ssenari ilə keçib. “Qəbələ-2” daha 4 qol vurmağı bacarıb. Xəyal Xudaverdiyev və İbrahim Ramazanov hərəyə bir, Hüseyn Mürsəlov iki dəfə fərqlənib.
Beləliklə, 7:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl üçüncü qələbəsini qazanıb. Çempionatın lideri üç turda 16 qola imza atıb.
