Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan “Qəbələ” daha bir liqanı çempionluqla tamamlayıb.
Korner.az-ın məlumatına görə, U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən “qırmızı-qaralar” U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.
Bu gün U-16 Liqasında keçirilən “Rəvan” – “Qəbələ” matçından sonra bölgə təmsilçisi 2012-2013 mövsümünün qalibi adını qazanıb. “Qəbələ” qalib adına keçirdiyi 22 oyundan sonra yiyələnib.
“Rəvan”la matç “Qəbələ”nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”yə qələbə qazandıran qolları Roman Hüseynov və Ülvi İskəndərov vurub. Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran “qırmızı-qaralar” 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan “Neftçi” üçün əlçatmaz olub.
Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan “Qəbələ” çempionluğu təmin edib. Yekunlaşmayan U-15 Liqasında da “Qəbələ” çempionluq şansını saxlayır.